“Türkiyə əsgəri azərbaycanlı əsgərlə birlikdə mütləq Dağlıq Qarabağda olmalıdır”.
Busaat.az xəbər verir ki, bunu Rusiyanın Paşinyanın siyasi vəziyyəti ilə gedişatını təhlil edən politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, Moskva Ermənistanda siyasi vəziyyətin sabitləşməsində maraqlıdır:
“Rusiya Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən onun mövqelərini zəiflətməyə çalışırdı. Ermənistanda, hətta Rusiyanın bəzi dairələrində hesab edirlər ki, Moskva Azərbaycana müharibəni davam etdirməyə mane olmamaqla Paşinyanın dərsini vermək istəyib. Ancaq Şuşanın azad olunmasından sonra Moskva iç üzünü göstərdi və mühasirəyə düşən erməni qüvvələrini xilas etməyə qərar verdi və buna nail oldu. Rusiyada hazırda əhval-ruhiyyə nisbətən dəyişib. Müşahidələrimə görə, Moskva Paşinyanı devirməyə çalışan radikal qüvvələrə də şübhəylə yanaşır. Çünki həmin qüvvələr məlum bəyanatı tanımadıqlarını bildirirlər”.
Elxan Şahinoğluna görə, Moskva növbəti gərginlik və sülhməramlılarının təhlükə altında olmasını istəmir:
“Ona görə də Kreml Paşinyanın işinə sonra baxacaq. Digər tərəfdən İrəvanda meydana çıxanların sayı get-gedə azalır. Paşinyanın reytinqi azalsa da, çoxluq hələ də onun əleyhinə çıxmır. Paşinyanın bir müddət hakimiyyətdə qalması bizim də xeyrimizədir, imzaladığı sənədi sona qədər yerinə yetirməlidir.
Müharibədə qələbə çaldıq, ermənilər məğlub oldu, ancaq sualların sayı azalmayıb. Masada və beyin oyununda da güclü olmalıyıq. Ermənilər bizə 1905, 1920 və 1987-ci ildə problemlər yaşatdılar, bu bizə dərs olmalıdır, 4-cü təxribata imkan verməməliyik. Türkiyə əsgəri azərbaycanlı əsgərlə birlikdə mütləq Dağlıq Qarabağda – Şuşada, Laçında və Kəlbəcərdə olmalıdır”.
Gülay