İran prezidenti Məsud Pezeşkian ölkənin paytaxtının Tehrandan ölkənin cənub sərhədlərinə, Fars körfəzi sahillərinə köçürülməsi planları üzərində işləməyə başladıqlarını açıqlayıb.
Busaat.az İran mətbuatına istinadla xəbər verir ki, Pezeşkiyan dünən Hatəmül Ənbiya Qərargahına səfəri zamanı etdiyi çıxışda keçmişdə müzakirə edilən paytaxtın Tehrandan köçürülməsi məsələsini bir daha gündəmə gətirib.
Tehranın paytaxt kimi yararsız olduğunu, xüsusilə də iqtisadi səbəblərdən şəraitin qeyri-mümkün hala gəldiyini düşündüyünü dilə gətirən İran prezidenti qeyd edib:
“Ölkənin paytaxtı Tehran həll olunmaz problemlərlə üzləşib. Nə etsək də, vaxt itiririk. Ona görə də ölkənin iqtisadi və siyasi mərkəzini cənuba, dənizə yaxın yerə köçürməliyik”. Bakıvaxtı.az