Polşa yüksək hazırlıq vəziyyətinə keçdi: “Müttəfiqlərlə əlaqə saxlayırıq”

image-marius-blascakbackend

Polşanın müdafiə naziri Mariuş Blaşçak ölkəsinin quru qoşunları, donanma və hava hücumundan müdafiə sistemləri ilə yüksək hazırlıq vəziyyətində olduğunu bildirib.

Busaat.az xəbər verir ki, bu barədə nazir özünün Twitter hesabında yazıb.

Polşalı nazir qeyd edib ki, Polşaya raket düşməsindən sonrakı vəziyyət yaxından izlənilir.

Müttəfiqlərlə daim təmasda olduqlarının vurğulayan Mariuş Blaşçak bildirib: “Həm quru qüvvələri, həm də dəniz və hava hücumundan müdafiə sistemləri ilə yüksək həyəcan vəziyyətindəyik”.

Qeyd edək ki, noyabrın 15-də Polşanın Ukrayna ilə sərhədində yerləşən Prjevodov kəndinə naməlum raket düşüb və nəticədə 2 nəfər ölüb.

Bundan sonra Polşa Milli Təhlükəsizlik Komitəsi təcili toplanıb və hərbi hissələrin döyüş hazırlığının artırılması qərara alınıb.

Bir çox NATO ölkəsi baş verənlərin narahatlıq doğurduğuna dair açıqlamalar verib. Ukrayna, Latviya və Estoniya isə sözügedən raketlərin Rusiya tərəfindən buraxıldığını iddia edib.

Hadisədən sonra Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd edilib ki, rus raketlərinin Polşa torpaqlarına düşməsi ilə bağlı ittihamlar qəsdən yayılır və təxribata hesablanıb.

ABŞ prezidenti Co Bayden isə, raketin Rusiyadan buraxılması ehtimalının az olduğunu qeyd edib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki