
Prezidentdən 4 ünvana müştərək XƏBƏRDARLIQ... - Mesaj verildi, başa düşəcəklərmi?
Azərbaycan Prezidentinin AzTV-yə son müsahibəsində Qarabağa bağlı söylədikləri ən əvvəl Ermənistandakı qaynar başlar üçün “soyuq duş” effektli sayıla bilər. İlham Əliyevin mesajları eyni zamanda, kapitulyant ölkənin daxili auditoriyasına, erməni cəmiyyətinə ünvanlanmışdı.
Qalır bu mesajları düzgün oxumaq. Əks halda, nə olacağı gərək ki, qaranlıq olmasın: “Qisas əməliyyatı”nın davamı, yeni “Dəmir yumruq” qaçılmaza çevriləcək!
“Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq”.
Prezidentin rəsmi İrəvana sərt xəbərdarlıq xarakterli bu sözlərinin, əslində, bir açması da odur ki, Ermənistanda hakimiyyət dəyişikliyi olsa belə, radikal müxalifətin iddia etdiyi kimi, 10 noyabr sənədi qüvvəsini itirməyəcək. Yəni əgər erməni toplumunda hələ də ura-patriotlara, daha dəqiqi, keçmiş Köçəryan-Sərkisyan xunta rejiminin nümayəndələrinə biyət edənlər qalıbsa, təcili ayılsınlar və öz işlərini bilsinlər, xəyalpərvərlərin və avantüristlərin boş sözlərinə inanmasınlar, revanşist-radikalların ardınca getməsinlər. Çünki ortada hər şeydən öncə qalib Azərbaycan dövləti və onun Prezidentinin dəyişməz iradəsi və qətiyyəti var.
İlham Əliyevin “Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir, bu, Ermənistanın öhdəliyidir” fikri, şübhəsiz, həm də tələsmək üçün Rusiyaya ünvanlanmış ismarışdır. Ona görə ki, həmin öhdəliyin altında Rusiya rəhbəri Putinin də imzası durur…
Məlumdur ki, əsasən, Qarabağ klanını təmsil edən erməni radikal müxalifətin baş tezisi budur ki, guya hakimiyyətə gələn kimi Nikol Paşinyanın İlham Əliyevlə imzaladığı bütün sənədləri qeyri-legitim, yəni qanunsuz elan edəcəklər. Azərbaycan lideri isə aydın şəkildə erməni cəmiyyətinə çatdırır ki, illüziyaya qapılmasın, belə şey gözlənilmir və olmayacaq! 10 noyabr sənədi bütünlüklə reallaşacaq, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı bənd hər cür müqavimətə rəğmən gerçəkləşəcək! Əks təqdirdə, müharibə qaldığı yerdən davam edə, erməni xalqı yeni fəlakətlərə tuş gələ bilər.
“İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar”.
Dövlət başçısının müsahibə zamanı dediyi bu fikir yuxarıdakı qənaətimizi daha da gücləndirir. Yəni erməni tərəfi odla oynamağa son qoymalı, nə qədər gec deyil, Azərbaycana qarşı ərazi iddiasından və “bəlkə də qaytardılar” xülyasından əl çəkməlidir.
“Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Ermənistan isə, sadəcə olaraq, yenə fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər”.
Bunu da Müzəffər Ali Baş Komandan söyləyib. Yenə özəlliklə erməni toplumuna ünvanlı ismarışdır. Erməni xalqı keçən ilki parlament seçkilərdə “sülh mandatı” verib qalib elədiyi Nikol Paşinyan iqtidarına təzyiq eləsin ki, o, vaxtı və şansı itirmədən Bakı ilə ədalətli sülhə, barışığa nail olsun, nəinki erməni cəmiyyəti zamanın Ermənistana işlədiyini iddia edən siyasi şarlatanların, daşnak tör-töküntülərinin arxasınca getsin, yeni müharibəni yaxınlaşdırsın.























