Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 74 yaşlı Əliyev Elbrus Şahmar oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Busaat.az xəbər verir ki, Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən E.Əliyev Cinayət Məcəlləsinin dələduzluq və rüşvət verməyə təhrik etmə maddələri ilə təqsirli bilinib və 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını şərti hesab edib.
Musavat.com-un əldə etdiyi məlumata görə Elbrus Əliyevin aldatdığı şəxslər arasında vətənə xəyanət ittihamı ilə həbs edilən ilahiyyatçı Elşən Mustafayevin ailə üzvləri də var.
Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri Hacı Elşən Mustafayev 2016-cı ildə məhkəmənin hökmü ilə vətənə xəyanət ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Elbrus Əliyev həbsdə olan Elşən Mustafayevin ailə üzvlərini aldadaraq 50 min manat pul alıb. Bunun qarşılığında isə Elşən Mustafayevə 4 il azadlıqdan məhrum etmə cəzası verilməsinə nail olacağını vəd edib. Amma sonradan Elşən Mustafayevə qarşı irəli sürülən ittihamın ağır olduğunu görüb və pulu geri qaytarmayıb. Çoxsaylı şikayətlərdən sonra Elbrus Əliyev məsuliyyətə cəlb edildikdə pulu geri qaytarıb.
Aldadılan şəxs isə Elşən Mustafayevin qayınatası olub. Elbrus Əliyevlə tanışlıq isə Elşən Mustafayevin bibisi oğlu Rəhimin vasitəsi ilə baş tutub.
“Elbrusla görüşdük. Bizə kömək edəcəyini dedi. Hüquqi dildə danışırdı, hər şeydən məlumatlı kimi davranırdı. Mən də onun geniş əlaqələrinin olduğunu düşündüm. Çünki qızımın ailə vəziyyəti yaxşı deyildi. Bir valideyn kimi qızımn ailəsinə kömək etməyə çalışırdım. Elbrus bizə kömək edəcəyini desə də bunu necə edəcəyini demədi. Mənim üçün maraqlı olan yeganə şey Elşənə kömək edilməsi idi. Elşənin məhkəməsi başlayanda Elbrus yoxa çıxdı. Heç bir iş görmədi. Zənglərə cavab vermədi. Elşənə 10 il cəza veriləndən sonra pulumu tələb etdim. Elbrus müxtəlif bəhanələrlə məni aldatdı. Uzun müddət sonra pulu geri qaytardı. Ona əvvəlcə 30 min manat, ikinci dəfə isə 20 min manat pul vermişdim”- deyə şahid qismində dindirilnə şəxs ifadəsinə əlavə edib.
İş üzrə şahid qismində dindirilən Rəhim bildirib ki, Elbrus Əliyev onun qohumudur. Elşən Mustafayev həbs ediləndən sonra ona kömək etmək üçün adam axtarıblar. Onun sözlərinə görə Elbrus Əliyev Abşeron rayon prokurorunun köməkçisi vəzifəsində işlədiyi üçün ona etibar ediblər. Elbrus Əliyev pulu vermədiyi üçün onun oğlu Rəşada müraciət ediblər. Bundan sonra Rəşad Əliyevin də iştirakı ilə pul hissə-hissə qaytarılıb.
Elbrus Əliyevin aldatdığı şəxslər arasında BDU-da kafedra müditi işləyən Hüseyn Məmmədov da var. O isə oğlunu prokurorluqda işə düzəltmək üçün Elbrus Əliyevə 50 min verərkən aldadılıb.
Bildirək ki, Elbrus Əliyev Abşeron Rayon Prokurorluğunda qeyri-rəsmi köməkçi olan E.Əliyev zərərçəkmiş şəxslərin pulunu tam olaraq ödəyib.
Musavat.com