“Proqojin də yaxşı bilir ki, 20-25 min nəfərlə Rusiya dövlətinə heç nə edə bilməz…”

image-nezaket55backend

Rusiyada Vaqnerçilərin üsyana qalxması və hazırda orada gərginliyin səbəblərini necə xarakterizə etmək olar? Qonşu ölkədəki bu hərbi və siyasi ziddiyyətin regionumuza hansı təsirləri gözlənilir?

Mövzu ilə bağlı politoloq Nəzakət Məmmədovanı Busaat.az-a açıqlaması belədir:

“Prezident Putin çıxışında hadisəni silahlı qiyam adlandırdı. Bu da məsələnin kifayət qədər ciddi olduğunu göstərir. Təbii ki, biz hələ ki, hər hansı qiymət verə bilmərik. Çünki məsələyə Rusiya dövlətinin rəhbərliyi öz qiymətini verəcək. Bununla belə, əminəm ki, bəzilərinin dediyi kimi çevriliş, qiyam, prezidentin devrilməsi və s. baş verə bilməz.

Rusiya çox güclü dövlətdir, güclü dövlətçilik ənənələri var, belə hadisələri çox görüb və onu həll etmək təcrübəsi mövcuddur. Təbii ki, bütün müharibə aparan ölkələrdə hərbi və siyasi elita üzvləri arasında bu cür fikir ayrılıqları olub. Lakin hər şey xalqın və ölkə rəhbərinin siyasi iradəsindən asılıdır. Putin peşəkar xüsusi xidmət orqanı əməkdaşı, prezidentdir, böyük həyat və işgüzar təcrübəsi var. Onu heç kimsə nə devirə bilməz, nə də onunla şərt dilində danışa bilməz.

Əgər kimsə belə ağır bir zamanda dövlətə qarşı qiyam qaldırmağa cəhd edibsə, əlbəttə qanunla cəzasını alacaq. Lakin Proqojin də yaxşı bilir ki, 20-25 min nəfərlə dövlətə heç nə edə bilməz. Sadəcə, görünür onun hansısa tələbləri var və onun yerinə yetirilməsini istəyir. Çünki bu saata olan məlumata görə, o, Şoyqu ilə görüşmək istəyir.

Yəqin ki, silahı yerə qoymaq çağırışına əməl edən vaqnerçilərə qarşı hansısa cəza verilməyəcək, çünki onların xidmətləri var. Ola bilsin ki, Priqojinin özünü diskreditasiya etsinlər. Yenə də təkrar edirəm ki, bəzilərinin güman etdiyi kimi ay Rusiya dağılacaq, Putin devriləcək kimi əsassız proqnozlar baş vere bilməz. Rusiyanın bu kimi krizislərin öhdəsindən gəlmək sahəsində böyük təcrübəsi var. Digər tərəfdən, artıq Türkiyə, Belarus, İran kimi dövlətlər Rusiyaya öz köməklərini təklif ediblər. İnanıram ki, məsələ çox qısa zamanda həllini tapacaq.

Rusiya 2016-cı ilin iyulunda Türkiyədə, həmçinin Venesuelada, Suriyada, Belarusda, Qazaxıstanda və s. ölkələrdə daxili və xarici qüvvələrin təxribatının qarşısını alıb vəziyyəti istədiyi şəkildə yönəldən dövlətdir. Onun 20-25 minlik vaqnerçinin əliylə dağılacağını, Putinin devrilməsini güman edənlər çox yanılırlar.”

Bünyamin Bünyadzadə
Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90