
Qazaxıstan Almaniyaya neft tədarükünü artıracaq
Qazaxıstanın “KazMunayQaz” (KMG) və Almaniyanın “Rosneft Deutschland GmbH” şirkətləri Almaniyaya mövcud neft tədarükü müqaviləsini 2026-cı ilin sonuna qədər uzatmaq barədə razılığa gəliblər.
Busaat.az xəbər verir ki, bu barədə “Deutsche Welle” nəşri yazıb.
Qazax şirkətinin açıqlamasında bildirilir ki, yenilənmiş şərtlərə əsasən, aylıq tədarüklər 100 min tondan 130 min tonadək artacaq.
Müqaviləyə əsasən, neft Rusiya ilə sərhəddə yerləşən Qərbi Qazaxıstan vilayətində neft hasil edən “Karachaganak Petroleum Operating B.V.” şirkətindən gələcək. KMG əlavə edib ki, 2024-cü ildən Almaniyaya tədarük edilən neftin bir hissəsi də Xəzər dənizindəki Kaşaqan yatağından, 2025-ci ildən isə Xəzər dənizindəki Tengiz yatağından gələcək.
Müqavilənin uzadılması və tədarük həcminin artırılması barədə qərar “KazMunayQaz” və “Rosneft Deutschland” şirkətlərinin rəhbərləri Asxat Xassenov və Yohannes Bremer arasında aparılan danışıqlardan sonra qəbul edilib. Tərəflər enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində qarşılıqlı maraqlı olduqlarını təsdiq ediblər.
Qazaxıstan neftinin Almaniyanın Şvedt şəhərindəki neft emalı zavoduna tədarükü 2023-cü ildə başlayıb. Onlar Drujba boru kəməri ilə Rusiya, Belarus və Polşa vasitəsilə nəql olunur. 2025-ci ilin ilk doqquz ayında Qazaxıstandan “Schwedt” neft emalı zavoduna tədarüklər təxminən 1,5 milyon ton təşkil edib.
Yeganə























