Əvvəlcə gəlin, ortaq bir nöqtədə qərarlaşaq: Qərbin əsas dövlətləri, yəni Britaniya, Fransa, ABŞ, Almaniya, bunlara qarşı Rusiya – hamısı imperial dövlətlərdir. Bu dövlətlər imperiya maraqlarına sahibdir və dövlət siyasətləri bu maraqlar fonunda təşəkkül edir.
Yəni biz Qərbdəki dövlətlər və Rusiya, eyni zamanda İran və ya Çin olmasından asılı olmayaraq, dövlət siyasətimizdə əsaslı addımlar atarkən, yaxud da dövlət siyasətində yeniliklər barədə düşünərkən bu reallıq həmişə ağlımızda olmalıdır: Yuxarıda adını çəkdiyimiz dövlətlərin heç biri bizim səmimi dost və ya müttəfiqimiz ola bilməz, maraqlar məsələsində ortaq qazanclar vardır.
Ona görə də, hər hansı bir məsələdə bizim maraqlarımız əgər Rusiya ilə eynilik təşkil edirsə, həmin məsələdə Rusiya ilə, başqa bir məsələdə Qərb dövlətləri ilə eyni maraqlara sahibiksə, bu halda həmin Qərb dövləti ilə birlikdə çalışmalıyıq.
Qısacası müasir dövlət ənənələri daimi düşmən, daimi müttəfiq anlayışlarında elastikliyi bacarmalıdır. Əks təqdirdə, Ermənistan və İran, Şimali Koreya kimi gərgin münasibətlər sistemi və xaotik daxili siyasətlə üzləşmək qaçınılmazdır. Ermənistanın Türkiyə və Azərbaycanı daimi düşmən kimi qəbul etməsi, onun bu ölkələrlə ortaq maraqlarında itkilərə səbəb olduğu kimi, İranın da yetkil anti-Qərb, anti-İsrail siyasəti onu dünyanın ən çox infliyasiya yaşayan və ən təcrid olunmuş ölkələrindən birinə çevirib. Şimali Koreyadan misal gətirməyə isə, artıq ehtiyac qalmır.
İndi Azərbaycan da rusların başımıza gətirdiyi minlərlə fəlakəti əsas gətirərək bu dövlət ilə daimi düşmən münasibətlər prizmasından çıxış etsə, əlbəttə bu, bizim özümüz üçün də itkilərə səbəb olacaq.
Qayıdaq mətləbə. Bu gün Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biri ölkəmizi dünyanın əsas tranzit mərkəzlərindən birinə çevirməklə onun beynəlxalq əhəmiyyətini artırmaq və ölkəyə əlavə kapital axını cəlb etməklə qeyri-neft sektorunu bu istiqamətdə inkişaf etdirməkdir.
Ancaq bunun üçün əvvəlcə Ermənistan ilə sülh müqaviləsi imzalanmalı, tərəflər sərhədləri tanımalı və yalnız bundan sonra müvafiq tranzit yolların açılmasını və işləməsini təmin etməlidir. Əslində pozucu ünsürlər olmasa, çoxdan sülhə şahidlik edə bilərdik. Bəlkə də artıq sülh müqaviləsi imzalanmışdı. Pozucu ünsürlər arasında isə, İran və Rusiya ön plana çıxır. İran istəyir ki, tranzit yollar “Orta dəhliz”, yəni Azərbaycandan deyil, İran ərazisindən keçsin. Eyni zamanda İran güclü Azərbaycan faktoru ilə razılaşmır. Zəif və müdafiəsiz Aəzrbaycan rəsmi Tehran üçün ən idealdır. Bunun səbəbləri isə, regional və milli faktorlarla əlaqədardır. Bu barədə əvvəlki yazılarımızda geniş söz açmışıq.
Rusiya isə, Azərbaycandan keçəcək tranzit yolların onun iqtisadi maraqlarını baltalayacağını düşünür. Çünki digər halda, Rusiya həm özünün enerji resurslarını təzyiq vasitəsi kimi istifadə edə bilir, həm də müəyyən mənada Şərqdən Qərbə, eynilə əksinə reallaşdırılan yükdaşımalarda tranzit kimi çıxış edə bilir. Ancaq Cənubi Qafqazdan, xüsusilə Azərbaycan və Zəngəzur koridorundan keçəcək tranzit yolların açılması İran qədər Rusiyanı da ikinci faktor edəcək, əvəzində Azərbaycan və Türkiyə regional faktorlarda əsas ölkələr olacaq.
Bütün bunları 30 ildir əngəlləyən nədir?
Cavab qısa və konkretdir: Qarabağ problemi.
Qarabağın işğalda qalması “Orta dəhliz”in açılmasını qeyri-mümkün etməklə bərabər, Ermənistanın işğalçı addımları Cənubi Qafqazın iqtisadi potensialını “riskli bölgə” kimi arxa planda saxlayırdı. Eyni zamanda Mərkəzi Asiyanın enerji ehtiyatlarının Avropaya daşınması kimi böyük layihələrin reallaşdırılması mümkünsüzləşir, nəticədə Avropa dövlətləri özünün imperial rəqibi
Rusiyanın enerji resurslarından asılı hala düşür.
Nikol Paşinyanın Ermənistanda iqtidara gəlməsinə qədər, İrəvan bir qayda olaraq Rusiya “agentləri” tərəfindən idarə olunur, dünya əhəmiyyətli layihələr görməzdən gəlinirdi. Nikol Paşinyanın Ermənistandakı inqilabı ilə bu dəfə İrəvanın siyasi həyatı Qərb “agentlərinin” əlinə keçdi və Paşinyan digər ermənilərdən fərqli olaraq dövlətinin maraqlarına uyğun olan bu kimi layihələri görə bilir. Düzdür, Paşinyan hər nə qədər çalışdısa ki, Qarabağı itirmədən, buranı erməniləşdirərək tranzit yolların açılmasına nail olsun, amma əksi baş verdi. Qarabağ işğaldan azad olundu və indi rəsmi İrəvanın siyasəti bölgənin Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməkdən başqa şansları olmadıqları reallığını ortaya qoyur.
Bütün bunları nəzərə alanda görürük ki, Qarabağda sülhün imzalanması Rusiyanın təkcə tranzit və enerji sahələrində məğlubiyyəti deyil, eyni zamanda Cənubi Qafqazda təsir rıçaqlarını itirməsidir. İlk növbədə Ermənistan siyasi iqtidarını ələ alan Qərb “agenturası” Ermənistanı Rusiyanın forpostu olmaqdan xilas edəcək. Azərbaycan isə çoxdan Moskvaya lazım olan mövqeni nümayiş etdirib. Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu sadəcə Gürcüstanın işğalı faktoru ilə sərhədlənəcək ki, o bölgələrin strateji əhəmiyyəti olduqa zəifdir. Daha doğrusu Qarabağ və Zəngəzur koridoru ilə müqaisədə sıfıra bərabərdir.
Qərb isə, ABŞ və Britaniya başda olmaqla sülhü istəyir. Əvvəla Qərb beləcə Cənubi Qafqazda Rusiya və İranı “məğlub etmiş” sayılır. Çünki sülhdən sonra bölgədə hakim söz sahibi Azərbaycan-Türkiyə müttəfiqliyi olacaq ki, Bakı və Ankaranın iqtisadi maraqları Qərblə üst-üstə düşür. Ona görə də, Qafqazda söz sahibi ola bilməyəcəyini yaxşı dərk edən Qərb, buradakı üstünlüyün Rusiya və İrandan onunla tərəfdaş münasibətlərə sahib Azərbaycan və Türkiyəyə keçməsini daha məqbul sayır.
Bununla da bitmir. Azərbaycan və Türkiyənin Cənubi Qafqazda əsas gücə çevrilməsi, Bakı və Ankaranın Mərkəzi Asiyanın siyasi-iqtisadi həyatına təsirlərinin artmasını da paralelləşdirəcək. Çin və Rusiya məngənəsində sıxışmış bu regionu Qərb öz maraqlarının tam təmin edildiyi bir məkana çevirmək istəsə də, bu mümkün deyil. Amma Türkiyə və Azərbaycan Qərbdən dəstəklənəcəyi təqdirdə Mərkəzi Asiyadakı etnik və milli, həmçinin siyasi təsirlərini artıra, bölgədə tam təsirə sahib olmasa da, müəyyən mənada Çin və Rusiyanın hegemonluğunu sarsıda bilər.
Beləcə, əslində bizə regional məsələ kimi görünən Qarabağdakı sülhün dolayı və birbaşa təsirlərinin nə qədər geniş olduğunu görürük. Qarabağdakı sülh dünyanın gələcəyinin əsas açarlarından biri olacaq. Bu isə, avtoritar rejimlərin insani dəyərlərə boyun əyməsi üçün əsas şərtlərdən biridir.
Məhz bu səbəbdən də, rəsmi Bakı indi sülhü Moskvadan gözləmir. Əksinə, yaxşı hesablayır ki, Moskva sadəcə sülhü əngəlləmək niyyətindədir. Ən yaxşı halda, Moskva öz maraqlarının təmin ediləcəyi sülhə razı olacaq ki, bu, ilk növbədə Azərbaycanın maraqlarına ziddir.
Qərb isə, yeni dünya düzəninin formalaşdığı belə vacib məqamda Cənubi Qafqazda ilişib qalmaq istəmir. O istəyir ki, Qafqazdakı problemlər tez zamanda həllini tapsın və özünün dünyəvi maraqları üçün daha ideal zəmin hazırlansın.
Biz isə yaxşı görürük ki, belə böyük oyunların içində Aərbaycanın dövlət maraqları Qərbin maraqları ilə paralel, Rusiya və İranın maraqları ilə ziddiyyətlidir. Ona görə də söyləmək mümkünür ki:
Qərbdən gələn sülh, Moskvadan gələn “müvəqqəti sabitlik” olacaq…
Həşim Səhrablı / Busaat.az