Bu gün saat 4 radələrində Masallı rayonu Birinci Yeddioymaq kəndində evlərin birində qətl hadisəsi baş verib.
Busaat.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 1996-cı il təvəllüdlü Fətullayeva Salatın Hüseyin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının atası 1969-cü il təvəllüdlü Şükürov Hüseyin Qurban oğlu saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı Masallı rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.
Qeyd olunub ki, noyabrın 7-də saat 05 radələrində Masallı rayonunun Yeddioymaq kənd sakini 1996-cı il təvəllüdlü Salatın Fətullayevanın yaşadığı evdə ölməsinə dair Masallı rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1969-cu il təvəllüdlü Hüseyn Şükürovun qızı Salatın Fətullayevaya aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Şükürov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.