
Məşhur telekanalda əməliyyat: saxlanılanlar var
Türkiyədə “Sözcü TV” telekanalının binasında polis əməliyyatı keçirilib. Telekanalın və xəbər saytının idarəçiliyinə qəyyum təyin edilib.
Səhər saatlarında polis əməkdaşları “Sözcü TV”nin binasında axtarış aparmağa başlayıblar. Əraziyə əlavə polis qüvvələri cəlb olunub, binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Əməliyyat zamanı şirkətin İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı və keçmiş baş direktoru Asım Akgül saxlanılıblar.
“Sözcü” Media Qrupunun vəkili Ersan Barkın bildirib ki, Türkiyənin Əmanətlərin Sığortalanması Fondu (TMSF) telekanalın və “sozcu.com.tr” xəbər portalının idarəçiliyinə qəyyum təyin edilməsi barədə qərar qəbul edib.
Vəkil qeyd edib ki, bu qərar daha əvvəl məhkəmə araşdırmasından keçmiş cinayət işi ilə bağlıdır.
Barkının sözlərinə görə, axtarışlar İstanbul Baş Prokurorluğunun təşəbbüsü ilə, Ali Kassasiya Məhkəməsinin (Yargıtay) daha əvvəl qanun pozuntusu aşkar etmədiyi iş üzrə aparılır.
O, həmçinin vurğulayıb ki, qəyyum təyin edilməsi barədə qərar hələlik yalnız “Sözcü TV” telekanalına və “sozcu.com.tr” saytına şamil olunur.























