Ramiz Mehdiyev prezident olmaq istəyib? – ŞOK MÜSAHİBƏ

Ramiz Mehdiyev prezident olmaq istəyib? – ŞOK MÜSAHİBƏbackend

Moderator.az saytı keçmiş millət vəkili və Azərbaycanın İstanbuldakı sabiq baş konsulu Xeyrəddin Qocadan Ramiz Mehdiyev haqqında müsahibə alıb.

Müsahibəni təqdim edirik:

– Xeyrəddin müəllim, bir vaxtlar sizin dediyiniz kimi, Ramiz Mehdiyevə “biət edənlər” bu gün onu qamçılamaq üçün növbəyə durubar. Onlara necə baxırsınız?

– Onlara alçaq, simasız, yaramaz adamlar kimi baxıram. Mən ömrüm boyu ona hörmət etməmişəm, bunu mətbuatda da bildirmişəm. Hətta mən İstanbulda baş konsul vəzifəsinə təyin edilərkən Heydər Əliyevə də demişdim ki, Ramiz Mehdiyev mənə zəng-filan eləməsin.

Ramiz Mehdiyevi “Yeni Azərbaycan” qəzetinin baş redaktoru olandan sonra tanımışam. O vaxtlar hər cümə günü iqtidar qəzetlərinin baş redaktorlarını Prezident sarayına çağırıb guya bizə istiqamət verirdi. Ona görə “guya” deyirəm ki, o vaxtlar bizi cəmiyyət daha yaxşı tanıyırdı, nəinki onu. “Yeni Azərbaycan” qəzetində işləməyə gələnə qədər cəmiyyət məni tanıyırdı. Minlərlə məqalənin, çoxlu kitabın, səhnə əsərlərinin müəllifi idim. 43 illik fəaliyyətim var idi. Ramiz Mehdiyevə qulaq asdıqca ürəyimdə gülürdüm. Onun lazımsız göstərişləri, “fikirləri” bizdə ikrah hissi yaradırdı! Düşünürdüm: “Gör, kim bizə yol göstərir?”

– Diplomat Daşqın Şikarov “Facebook” səhifəsində yazır ki, Ramiz Mehdiyevin rəhbərlik etdiyi 5-ci kolon Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya qarşı gizli təşkilatlanmada iştirak edib. Daşqın Şikarov baş verənləri sadalayaraq, hakimiyyət daxilində ikibaşlı oyunlar oynanıldığını da qeyd edib.

– Daşqın Şikarov mənimlə birlikdə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda işləyib. Mehriban münasibətlərimiz indiyədək davam edir. Ramiz Mehdiyev konsulluğa üç dəfə yoxlama göndərtmişdi ki, məni ləkələsin. Həmin yoxlamalar zamanı mən Baş konsul olaraq bir dəfə də iş yerində olmadım, yoxlama üzvlərini də görmədim. Əsəbiləşirdim ki, konsulluq anbardır, sexdir-nədir, orada yoxlamalar keçirirlər? Yoxlayanlar heç bir nöqsan, çatışmazlıq tapmırdılar. Ona görə də Prezident Heydər Əliyevə məktublar yazırdım ki, məni işdən azad etsin. Heydər Əliyev isə “narahat olma, otur işlə” deyirdi.

Beləliklə, vaxtından dörd ay da çox, 5 il 4 ay işlədim və Bakıya qayıtdım. Onda Ümummili Liderin səhhətində problemlər var idi. Ramiz Mehdiyev məni çağırdı, orada Novruz Məmmədov və başqa bir nəfər də var idi. Dedi ki; “sənin üçün yaxşı bir iş tapmışıq – Dini İşlər üzrə Dövlət Komitəsində birinci müavin vəzifəsinə göndərək, get işlə”. Dedim ki, mənim dinlə heç bir əlaqəm yoxdur, istəmirəm. Bu gün də, mənə həmin vəzifəni təklif etsələr, getmərəm!

Bilirdim ki, Ramiz Mehdiyev əzəl-axır məni ilişdirəcək. Beşinci kolonun başında duran Ramiz Mehdiyev Heydər Əliyevə yaxın olan adamları hakimiyyətdən uzaqlaşdırdı. Heydər Əliyevin qurduğu YAP-ın icra rəhbərliyi isə bunu bilə-bilə daim Ramiz Mehdiyevə yaltaqlanır, bizim fikirlərimizi heç zaman rəhbərliyə çatdırmırdı. Deməli, YAP-dakı bəzi adamlar da Beşinci kolonun nadürüstləri ilə əlaqəlidirlər.

– Murtuz Ələsgərovun yas mərasimi haqqında yazdığınız yazını oxudum. Bu nə biabırçılıqdır?

– Bəli, olmuş əhvalatdır. Ölkənin hörmətli adamları yas məclisinə gəlmişdilər. Oturduğumuz yerdə birdən hamı ayağa qalxdı. Mən yerimdə ora-bura boylandım ki, görəsən nə olub? Yanımda ayaq üstə dik dayanan məhkəmə hakimi kürəyimi dürtmələdi ki, ayağa qalxım. Hələ heç nə başa düşmürdüm. Elə fikirləşdim ki, yəqin prezident gəlir. Yenicə qalxmışdım, gördüm Ramiz Mehdiyevlə, Ramil Usubov qarşımızdan keçib, yas məclisini tərk edirlər. Orada dik dayanan “hörmətli” adamlar tamam gözümdən düşdülər. Çox iyrənc görünürdülər. YAP-da da təpədən-dırnağa “ramizləşmiş” bir adam var… Biz bu simasızların əlindən hara qaçaq?

– Deyəsən, Yeni Azərbaycan Partiyasında (YAP) ciddi dəyişikliklərin vaxtıdır…

– Bütün məsələlərdə YAP-ın adının hallandırılması doğru olmazdı. YAP-ın rəhbər orqanlarındakı bəzi adamların yolverilməz davranışlarının, həm də dövləti vəzifə daşıyan şəxslərin qanunsuz əməllərinin arxasında məhz Ramiz Mehdiyev dayanırdı. Ona görə də, Ramiz Mehdiyevə “biət edənlər” YAP-dan və dövlət vəzifələrindən rədd edilməlidirlər. Baxın, istər deputatların arasında, istərsə də vəzifəlilərin içərisində dövlətə deyil, Mehdiyevə xidmət edən nə qədər adam var. Onların hamısı cəzalanmalıdır. Başqa yol yoxdur!

– Ramiz Mehdiyev prezidentlik iddiasındadır… Rusiya həqiqətənmi ona potensial Azərbaycan prezidenti kimi baxır?

-Bəli, ömrü boyu o, prezident olmaq istəyib. Ona görə də həmişə Heydər Əliyevə, İlham Əliyevə xəyanət edib. Ümumiyyətlə o Azərbaycan xalqına xəyanət edib. O, indi də belə bir fikir yürütmək istəyir ki, guya dövlət quruculuğunda misilsiz xidmətləri olub! Guya o olmasaydı, İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələ bilməzdi?! Mən isə tam əksinə və qətiyyətlə deyirəm, Ramiz Mehdiyev bir məmur kimi mövcudluğuna görə Heydər Əliyevə və İlham Əliyevə borcludur! Qaldı sualınızın ikinci hissəsinə, çox güman ki, Rusiya artıq onu unudub…

– Təəssüf ki, Ramiz Mehdiyev Elmlər Akademiyasına rəhbərlik edir…

– O, Elmlər Akademiyasının prezidenti olmağa layiq deyil. Mən toydan iki ay qabaq yazdığım məqalədə onu oradan mütləq qovacaqlarını bildirmişəm. Ramiz Mehdiyev bütün ömrü boyu özünü insanların gözünə soxmağa çalışmış (bu barədə çoxlu faktlar var), guya ölkədə bütün işləri özü görürmüş kimi təəssürat yaradıb. Baxın, Ramiz Mehdiyevin adı çəkiləndə KİV-lərdə belə səslənirdi: “Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev”. Administrasiyanın rəhbərliyinin akademik adına nə dəxli var? Axı Administrasiya elmi idarə deyil. Baxın, Dövlət İdarəçiliyi Akademiyasınnın rəhbərliyinə göstəriş verib ki, mənim elmi əsərlərimdən, kitablarımdan sitat gətirməyən heç bir alimin əsəri Akademiyanın elmi nəşrində dərc edilə bilməz!

Bu gün də İdarəçilik Akademiyasının müəllimləri, xüsusilə, gənc alimlər qan ağlayırlar ki, biz axı bu adamın hansı elmindən sitat gətirək ki, bizim məqalələrimizin çapı üçün yaşıl işıq yandırılsın? Təsəvvür edin, Ramiz Mehdiyev “Elmi kommunizm”dən müdafiə etmiş, sovet hökuməti dağılanda “Elmi kommunizm” fənni də ləğv edilmişdi. Bu o deməkdir ki, Ramiz Mehdiyevin namizədlik dissertasiyası boşa gedib. Doğrusu, mən hələ indiyədək eşitməmişəm ki, o, bir alim yetişdirmiş olsun. O, Heydər Əliyevə, İlham Əliyevə sadiq olan adamlara şəxsı və ideoloji düşməni kimi yanaşır.

Çünki həmin adamlar onun kaprizlərinə xidmət etməyib, onu “dahi filosof”, “görkəmli ictimai – siyasi xadim” hesab etmirdilər.

Bu adam indiyə kimi heç bir təhsil naziri ilə yola getməyib. Bilirsiniz niyə? Dərsliklərə düşmək istəyir və hesab edir ki, tədris olunmalıdır, məktəblilər onun “elmi-fəlsəfi- siyasi” fəaliyyətini öyrənməlidilər! Məni bir məsələ daim narahat edir. Necə ola bilir ki, onu “dərin dövlət adamı” adlandıran, “14- cü Lüdoviklə müqayisə edən, “dövlətin onurğa sütunu” sayan, “dövlətin xarici və daxili siyasətini yönlədən böyük “ideoloq” olduğunu təbliğ edən deputatlar, təbliğatçılar hələ də öz işlərinin başındadırlar, ekranlardan gözümüzü yağır eləməkdə davam edirlər? Belələri onu təbliğ etdikləri “səmimiyyətlə” və pafosla Azərbaycan Prezidenti haqqında da təriflər, mədhiyyələr söyləyirlər. İnsanın neçə sifəti olar?

Bütün jurnalistlərə deyirəm, toy məsələsini unudun! Biz Ramiz Mehdiyevi toya görə tənqid etmirik! O, bütün fəaliyyəti dövründə Azərbaycan xalqına ziyan vurub, hiylələr edib, hətta adam oğurlatdırıb. Ramiz Mehdiyev bütün həyatı boyu əyri işlərlə məşğul olub!

Bizimlə əlaqə saxlayın
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki