Rus rublunun ucuzlaşması Azərbaycan manatına təsir edəcək? – Şərh

image-1014597backend

“Donbasda vəziyyət gərginləşməkdə davam edərsə, rublun yaxın gələcəkdə dollara nisbətdə daha da zəifləyəcəyi gözlənilir”.

Bunu rus rublunun ucuzlaşmasına münasibət bildirən iqtisadçı alim Vüsalə Əhmədova Busaat.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ukrayna ətrafında böhran və münaqişənin hərbi əməliyyatlara keçməsi, digər ölkələrin rəsmi nümayəndələrinin münaqişənin genişmiqyaslı hal alması riskləri ilə bağlı bəyanatları rublun dollar və avro qarşısında ucuzlaşmasına gətirib çıxarıb:

image-vusale_ehmedova

“Son həftələrdə ABŞ, NATO ölkələri və Kiyev dəfələrlə Rusiya qoşunlarının Ukrayna ilə sərhədə yaxın ərazidə cəmləşdiyini və işğal təhlükəsi olduğunu bəyan edirdi. Rusiya bu iddiaları ardıcıl olaraq təkzib etsə də, rubl artıq dəyər itirməyə başlamışdı. Hərbi əməliyyatların başladığı andan etibarən rublun məzənnəsi 10% ucuzlaşdı və hazırda 1 ABŞ dolları 80,42 rubl, 1 avro isə 90,88 rubl dəyərindədir. Donbasda vəziyyət gərginləşməkdə davam edərsə, rublun yaxın gələcəkdə dollara nisbətdə daha da zəifləyəcəyi gözlənilir”.

Rus rublunun Azərbaycan manatına təsirlərinə də toxunan iqtisadçı qeyd edib ki, bu proseslərin manatın məzənnəsinə çox böyük təsir edəcəyi gözlənilmir:

“Hazırda dünya bazarında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,12% artaraq 100,80 dollar təşkil edir. Manatın məzənnəsinə mümkün təsirləri ola biləcək iki məqam var. ABŞ və İranın tezliklə İran neftinin dünya bazarına çıxmasına yol açacaq nüvə razılaşmasına qayıda biləcəyi gözləntiləri var. Tehranın baş müzakirəçisi Əli Baqeri Kani hətda Twitter səhifəsində tərəflərin İranın nüvə proqramı ilə bağlı danışıqlara hər zamankından daha yaxın olduğunu bildirən bir paylaşım da etmişdi. İran həm də Asiya neft bazarına rəsmi qayıtmaq üçün zəmin hazırlayır. Dövlətə məxsus “National Iranian Oil Co” şirkətinin nümayəndələri mümkün tədarükləri müzakirə etmək üçün Cənubi Koreyanın neft emalı zavodları ilə də görüşlər keçirib. Yəni, bu proseslərin fonunda irəli zamanda neftin qiyməti ucuzlaşa bilər.

Bundan əlavə, ABŞ-da hazırda inflyasiya həddi 7%-lə son 40 ilin ən yüksək səviyyəsinə çatıb. Belə olan halda mütləqdir ki, FED bu il ərzində bir neçə dəfə uçot dərəcələrini yüksəltsin. 2022-ci il ərzində FED-in hər dəfə 0.25% olmaqla, üç dəfə faiz artımına gedəcəyi ehtimal edilir. Nəticədə dolların dəyər qazanması fonunda irəli zamanda manatın müəyyən qədər dəyərdən düşməsi ehtimal oluna bilər”.

Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki