Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada terror təşkilatı PKK-nın Suriya qanadı YPG ilə görüşüb. Bu səfərdən sonra Türkiyə XİN-dən verilən yazılı açıqlamada terror təşkilatı PKK/YPG-nin nəzarətində olan bir qrupun Rusiya hakimiyyəti tərəfindən yüksək səviyyədə qəbul edilməsinin narahatlıqla qarşılandığı qeyd edilib.
Busaat.az “haberler.com”-a istinadən bildirir ki, Bəşər Əsəd administrasiyası ilə PKK-nın Suriya qanadı YPG arasında vasitəçilik edən Rusiyadan yeni addım gəlib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü Moskvada PKK/YPG liderlərindən İlham Amedin başçılıq etdiyi nümayəndə heyətini yüksək səviyyəli protokolla qəbul edib.
Digər tərəfdən, Ankara PKK/YPG-nin Moskvaya səfərinə sərt açıqlama ilə reaksiya verib. Türkiyə XİN-dən verilən yazılı açıqlamada terror təşkilatı PKK/YPG-nin rəhbərliyi altında “Suriya Demokratik Şurası” adlanan ünsürlərdən ibarət bir qrupun Rusiya Federasiyasına dəvət edilməsi və Rusiya Federasiyası tərəfindən rəsmi protokolla qəbul edilməsinin narahatlıqla qarşılandığı bildirilib.