Rusiyanın “Ermənistan proyekti” iflas edir: Rəsmi İrəvan niyə Qərbə məcbur qaldı?/TƏHLİL

image-307572858_603730217961670_2069990377403269273_nbackend

 Son günlər Cənubi Qafqazda gərginləşən geosiyasi vəziyyət həm bölgə ölkələrinin, həm də dünya gündəmində ciddi maraqla qarşılanıb. Hətta bölgədəki situasiya o qədər qəlizləşib ki, fərqli mənbələr fərqli yanaşmalar irəli sürür və bu yanaşmalar bir-biri ilə tamamilə ziddiyyət təşkil edir..

Belə bir məqamda bölgədə yaşananları anlamaq çətinləşir.

Əvvəla Ermənistan və Rusiya arasındakı dövlət münasibətləri müttəfiqlik əlaqələrinə sahibdir. Hətta Rusiyaya qarşı mövqeyi ilə bilinən Nikol Paşinyan iqtidarının bərqərar olmasından sonra da bu münasibətlər inkişaf edən xətlə davam edib. Paşinyanın anti-rus mövqeyi yanaşma olaraq qalıb və dövlət siyasətini əsaslı şəkildə dəyişdirməyib.

Sadəcə müəyyən zamanlarda Paşinyanın dilindən Rusiyaya qarşı onun nüfuzunu zədələməyə hesablanmış “atmacalar” eşidilib. Məsələn, Paşinyan “Vətən müharibə”sindəki məğlubiyyətdən sonra Rusiyanı ittiham edəcək şəkildə “partlamayan silahlara” sahib olduqlarını söyləyib və elə bu yaxınlarda Ermənistanın başqa ölkələrdən müasir silahlar almaq istədiyini, ancaq bəzilərinin buna müdaxilə etdiyini bildirərək Rusiyaya eyham vurub.

Bu kimi açıqlamalar Ruysiya və Ermənistan müttəfiqliyini pozmağa kifayət etməyib. Əksinə, Rusiya hələ də bölgədəki tək dayaq nöqtəsi olan Ermənistanı müdafiə etməkdədir. Ermənistan özü də anti-rus iqtidara sahib olmasına baxmayaraq, hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, Gümrüdəki Rusiyaya aid 102-ci hərbi baza mövcudluğunu qoruyur və Ermənistan Rusiya ilə bağladığı sülh və təhlükəsizlik müqaviləsinə xitam verməyib. Qısacası, Ermənistan hələ də Rusiyaya aid “proyekt dövlət”, Rusiya isə, bu ölkənin əsas təhlükəsizlik qarantıdır.

Amma indi, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri ilə Cənubi Qafqazda tamam fərqli mənzərə ilə üzləşirik.

Birincisi, bu səfər çox gərgin geopolitik qarşıdurmalar fonunda yaşanıb və indi hər kəsdə belə bir düşüncəyə səbəb olub ki, Ermənistan siyasi rəhbərliyi Rusiyadan çox ABŞ-a inanır. Bu düşüncəyə səbəb həm də odur ki, Pelosinin gəlişindən əvvəl Putinin posterləri sökülüb və yerinə bir çox yollarda ABŞ və Ermənistan dövlətlərinin bayraqları qaldırılıb. Bunu Rusiya kimi bir havadara necə ediblər?…

İkincisi, Ermənistan siyasi rəhbərliyi Pelosini normadan artıq səmimiyətlə qarşılayıb, əvəzində Pelosi qondarma “Erməni soyqırımı” iddialarına dəstək verib və həmçinin 13-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhəddində yaaşanan hərbi toqquşmanın məsuliyyətini Azərbaycanın üzərinə atıb. Bu isə, gözlənilməz addımdır. Ona görə ki, Qafqazda sülh və əmin-amanlıq üçün ilk şərt Ermənmistan tərəfinin işğala son qoyması və revanşist addımlarından imtina etməsidir. Üstəlik, sərhəddəki toqquşma da Ermənistanın təxribatıdır və məsuliyyət onun üzərindədir. Ən önəmlisi, ABŞ Qafqaza təsirini artırmaq istəyirsə, xarici siyasətində Qafqazın “ən zəif bənd”i olan Ermənistana deyil, Qafqazın söz sahibi və ən güclü ölkəsi Azərbaycana üstünlük verməlidir.

Digər tərəfdən, Pelosinin “Erməni soyqırımı” iddialarını diqqətə gətirməklə daha böyük oyunların ssennarisini qurduğunu görürük. Hədəf genişlənir və əslində görürük ki, ABŞ Ermənistanı istifadə etməklə tək Azərbaycan və Rusiyanı deyil, eyni zamanda Türkiyəni də hədəf taxtasına çıxarıb. Türkiyə iqtisadiyyatının böyük yaralar alması nəticəsində daxili narazılıqların artması, Rusiyanın Ukrayna bataqlığına düşməsi və acı məğlubiyyətlərlə üzləşməsi fonunda ABŞ bölgədəki güc nisbətini öz xeyrinə dəyişməyi hədəfləyib.

Ancaq burada əsas məsələ Ermənistan dövlətinin qərarıdır. Necə oldu ki, Ermənistan onlara dövlət quran, onları 200 ildir qoruyan və hər cür dəstək verən, elə indi də əsas təhlükəsizlik qarantı olan Rusiyaya üz çevirmək cəsarətinə sahiblənib? Bu sualın fərqli cavabları var. Burada geosiyasi səbəblərdən tutmuş, siyasətçilərin şəxsi davranışlarına qədər müxtəlif versiyalar mümkündür ki, hazırda əsas versiya Ermənistanın bölgədə tək qaldığını, daha doğrusu bölgədəki erməni havadarlarının yetərsizliyini hiss etməsidir.

Bölgədə üç güclü ölkə var: Rusiya, İran və Türkiyə. Türkiyə öz maraqlarının təminatını almayınca ermənilərə qarşı siyasi xəttini dəyişməyəcək. Ermənilər bunu yaxşı anlayır. Türkiyənin dostluğunu qazanmaq üçün öncə “erməni soyqırımı” iddiasından imtina edilməli, Türkiyəyə qarşı ərazi iddiaları yığışdırılmalı və Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. Bu isə, tək “Böyük Ermənistan” aventurasının sonu deyil, həm də erməni dövlətçiliyinin iflasının elanıdır. Xatırlamaq lazımdır ki, ermənilər dövləti məhv bu aventurist iddialar üçün qurub. Daha doğrusu özləri qurmayıb, kimlərsə qurub verib…

Türkiyə kimi bir təzyiq qarşısında Ermənistanın sığındığı iki dövlət var: Rusiya və İran.

İran heç vaxt Türkiyə ilə regional çəkişmələrə hazır olmayıb. Ona görə də, ermənilər yaxşı başa düşür ki, ən çətin məqamda İran erməniləri asan şəkildə qurban verə bilər. Rusiya isə, həmişə güclü olub və bu güc ermənilərdə ruslara qarşı inam formalaşdırıb. Hər nə olsa da, Rusiya var və onlar Ermənistanı göz bəbəkləri kimi qoruyacaqlar…

Ancaq indi, belə demək mümkündürsə, Rusiyanın özünün dəstəyə ehtiyacı yaranıb. Rusiyanın əsas dəstəkçisi isə, Türkiyə olub. Xatırlamaqda fayda var ki, Rusiya Ukraynaya qarşı işğala başladığı zaman bir çox Avropa dövlətləri, həmçinin NATO ölkələri ona qarşı sərt sanksiyalara qoşulub və bu çətin situasiyada Türkiyə sanksiyalara qatılmamaqla Rusiyanın əsas nəfəsliyi rolunu alıb. Bir sıra önəmli razılaşmalar əldə edilib ki, bunlar da rəsmi Ankaranın liderliyində mümkün olub. Hər halda rəsmi İrəvan prosesləri izləyir. Görür ki, indi onun əsas müttəfiqi və havadarı Rusiya, onun əsas iki düşməni – Türkiyə və Azərbaycanı itirmək istəmir. Bu itki son nəfəs kanallarını bağlamaq deməkdir. Ona görə də, İrəvan qorxur. Qorxur ki, həm Türkiyə, həm Azərbaycana qarşı əssasız iddialarından imtina etməsi üçün başlaya bilmə ehtimalı olan növbəti sülhə məcburetmə əməlliyyatları zamanı Rusiya onun imdadına yetişməyə bilər. Halbuki 2020-ci ildə Ermənistanı məhv olmaqdan xilas edib…

Ona görə də, Ermənistan Rusiya və İrandan gələn dəstəkləri yetərsiz saymağa başlayıb. Bunun əsas səbəbi həm İranın, həm də Rusiyanın geopolitik qarşıdurmalar baxımından, həm silah texnologiyalarında, həm də iqtisadi-siyasi amillərdə Qərbə məğlub olmasıdır. Digər tərəfdən, yuxarıda da qeyd etdiyimiz kimi, indi Rusiya Türkiyə və Azərbaycanla əlaqələrinə xüsusi önəm verir və belə bir situasiyada öz maraqlarını ermənilərdən daha üstün tuta bilər. Ən azından rəsmi İrəvan belə düşünür və narahat olur…

Belə bir situasiyada Ermənistan tərəfi yetərli dəstək olaraq daha müasir silah texnologiyalarına, daha güclü iqtisadiyyata sahib ABŞ və Qərb ölkələrini görür. ABŞ bunun fərqindədir və onlar da Qafqaza müdaxilə üçün Ermənistanın çağırışlarına məcbur qalıb. Çünki bir qədər əvvəl Gürcüstan ABŞ-ı Qafqaza gətirmək istəyib, qarşılığında ABŞ ciddi məğlubiyyətlə üzləşib. Düzdür, ABŞ Gürcüstanda Rusiyanı dünyaya işğalçı olaraq tanıda bilib, ancaq Qafqazda möhkəmlənə bilməyib və ona böyük ümidlər bəsləyən gürcüləri itirib. Azərbaycan isə, heç vaxt heç bir güc mərkəzi ilə regionda nəyəsə nail olmaq ümidlərinə qapılmayıb, beləcə özünü imperial maraqlardan qoruyub. Geriyə Ermənistan kartı qalıb ki, indi ABŞ Qafqazda möhkəmlənmək üçün cılız da olsa bu fürsəti dəyərləndirir.

Oyunun sonu isə, bəllidir. Rusiya üçün Ukraynadan daha vacib Qafqaz regionudur. Çünki Qafqaz tək cənubla yekunlaşmır, Cənubi Qafqazda varlığını tamamilə itirəcək Rusiya Şimali Qafqaza da nəzarəti itirə bilər. Ukraynada işğalı tamamlamaq Rusiya üçün ciddi itkilər doğrusa da, Cənubi Qafqaza nəzarəti itirməklə yaşayacağı itkilər qədər önəmli deyil. Bu səbəblə, yaxın zamanlarda Rusiya Ermənistan üzərində təzyiqlərini artıracaq və beləcə nə ABŞ Qafqaza ayaq aça biləcək, nə də Paşinyanın Qərbmeyilli siyasəti onu Rusiyanın proyekti olmaqdan xilas edəcək.

Proseslərin sonunda ən çox itirəcək tərəf Ermənistandır. Çünki geosiyasi vəziyyəti doğru hesablamayan rəsmi İrəvan bu siyasi səriştəsizliyin izahını vermək məcburiyyətində qalacaq. Görünən odur ki, ABŞ istəmədən də olsa, həm özünə, həm Ermənistana əlavə problemlər yaradıb.

Busaat.az Analitika Mərkəzi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90