Xəbər verdiyimiz kimi ABŞ və Çin arasında olan ticari müharibə rüsumların həddindən artıq artmasına səbəb olub. Son məlumatlara görə, ABŞ-ın Çinə tətbiq etdiyi rüsum 145 faiz, Çinin qarşılıq olaraq tətbiq etdiyi rüsum isə 125 faizdir.
Nəzərə alsaq ki, Çin böyük mobil telefon istehsalçısı bir ölkədir. Bir çox mobil telefon markaları məhz Çinin payına düşür.
Bu nüans dünya üzrə mobil telefon qiymətlərinə necə təsir edəcək?
Busaat.az xəbər verir ki, üquqşünas, iqtisadçı-ekspert Əkrəm Həsənov “Referans”-a açıqlamasında bu sualı cavablandırıb.
“Hazırda dünyada böyük, köklü dəyişikliklərə səbəb olacaq proseslər gedir. Düzdür, bu proseslərə indi birmənalı qiymət vermək olmur. Halbuki vaxtilə bir neçə ekspert, elə mən də deyirdik ki, dünyanın iqtisadi modeli dəyişəcək. Hazırda biz bu prosesin içindəyik. Bu proses bizi hara aparacaq hələ ki dəqiq bilinmir. Amma mən düşünmürəm ki, Çinin istehsal etdiyi malların qiyməti bahalaşacaq. Əksinə Çin üçün indi böyük bir şans yaranıb ki, dünya bazarlarını daha da əlinə alsın. Çünki Amerika özünü çox qeyri-müəyyən aparır. İqtisadi subyektlər, bazarlar isə əminliyi, müəyyənliyi sevir. Bu baxımdan mən dünyada hər hansısa məhsulun, eləcə də mobil telefonların qiymətlərinin qalxacağını gözləmirəm. Ola bilər ki, ABŞ-da qiymət qalxar amma dünyada yox”.