Saatlı rayonunun Qaranuru kəndində Vətənin müharibəsi şəhidi Ariz Fərzulla oğlu Məhərrəmov adını daşıyan xatirə kompleksinin açılışı olub.
Busaat.az xəbər verir ki, xatirə kompleksinin açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Tədbirin açılışında Azərbaycan Könüllü Həkimlər Asosiasiyasının rəhbəri Oqtay Mehtiyev çıxış edərək bildirib:”Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzdi və ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmləndi. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəman oğul və qızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Həmçinin şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli dövlətimizin diqqət mərkəzindədir.”
Tədbirdə iştirak edən Azərbaycanın Milli Qəhrəmanı Möhsün Məmmədov 44 günlük Vətən Müharibəsində tarix yazan Azərbaycan əsgərinin döyüş yolundan söz açıb.
Mərasimdə Vətən uğrunda canından keçən şəhidin xatirəsi yad edilib, onun abidəsi üzərinə əklil və çiçəklər qoyulub.
Qeyd edək ki, şəhid Ariz Məhərrəmov 1982-ci il dekabrın 10-da Saatlı rayonunun Qara Nuru kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.
Azərbaycan Ordusunun giziri olan Ariz Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ariz Məhərrəmov Sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Saatlı rayonunun Qara Nuru kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ariz Məhərrəmov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” “Vətən uğrunda” medalı ilə təltif edildi.