Səmərqənd görüşü uğursuzluqla nəticələndi – SƏBƏBLƏR/TƏHLİL

image-306815115_994133221983468_9158489735172299205_nbackend

15-16 Sentyabr tarixlərində, Özbnəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dövlət başçılarının Zirvə görüşü keçirilib.

Sammitdə təşkilatın 2023-2027-ci illər üçün hazırlanmış planı, həmçinin “Bir kəmər, bir yol” layihəsi müzakirə olunub.

Sammitdə təşkilata üzv dövlətlərlə yanaşı, ŞƏT-ə müşahidəçi kimi qatılan Əfqanıstan, Belarus, İran və Monqolustan, həmçinin Səmərqənd zirvəsinə qonaq qismində dəvət olunmuş üç dövlət – Azərbaycan, Türkmənistan və Türkiyə də iştirak edib.

Əvvəlcə ŞƏT-ə üzv ölkələrin kimlər olduğuna nəzər yetirək. ŞƏT-in Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan daxil omaqla 8 üzvü var. Bu ölkələri yerləşdikləri coğrafi mövqelərinə görə ümumi şəkildə Şərq ölkələri və ya Asiya ölkələri də adlandıra bilərik. Sadəcə Rusiyanın Avropa sərhədləri mövcuddur ki, bu onu Qərb ölkəsi adlandırmağa yetmədiyi kimi, ərazilərinin böyük əksəriyyətinin Asiyada yerləşməsi, Rusiyanı da Şərq və ya Asiya ölkəsi olaraq adlandırmağa əsas verir.

Beləliklə görürük ki, Şanxay Əməkdaşlıq Təşkilatı əslində Şərq (Asiya) ölkələrinin Avropaya qarşı təşkilatlanmaq məqsədilə yaradılmış bir təşkilatdır. Təşkilatın əsas məqsədi üzv ölkələr arasında bütün sferalarda əlaqələri genişləndirmək və qarşılıqlı inkişafı təmin etməkdir.

Ancaq bunun nə dərəcədə mümkün olacağı böyük suallar yaradır. Ona görə ki, hazırda təşkilata üzv olan bütün ölkələr arasında ciddi münaqişə və qarşıdurmalar, ən azından anlaşmazlıqlar mövcuddur. Hətta Hindistan və Çin kimi dünyanın həm ərazi, həm əhali, həm də iqtisadiyyat və ordu baxımından ən böyük dövlətləri arasında dəfələrlə silahlı insidentlər yaranıb və müharibə təhlükəsi son anda aradan qalxıb. Hətta indi də iki ölkə arasında müharibə riskləri qalmağa davam edir. Çünki bu iki ölkə arasında mübahisəli ərazi məsələləri mövcuddur ki, bu problem indi də həllini tapmayıb. Eyni zamanda Hindistan və Pakistan dövlətləri də tarixi düşmənlər hesab edilə bilər. İki ölkə arasında ciddi ərazi münaqişələri davam etməkdə və sərhəddə tez-tez insidentlər yaşanmaqdadır. Heç Mərkəzi Asiya dövlətləri də bu nöqtədə uğurlu sayılmır. Sovet Sosialist Respublikalar İtitfaqının (SSRİ) dağılmasından sonra Mərkzi Asiya dövlətlərinin sərhədlərində ciddi qarşıdurmalara səbəb olacaq mübahisəli ərazilər peydə olub. Rusiyanın bölgəyə müdaxilə etmək üçün planladığı bu mübahisəli ərazilər indi bütün Mərkəzi Asiya dövlətlərini bir-birinə düşmən edir. Elə Rusiyanın bu ölkələr üzərində dominant olmağa çalışması da ŞƏT-in daxilindəki birlik və bərabərliyin hansı dərəcədə olduğunu ortaya qoyur…
Ən əsası isə, son illər Rusiya və Çin dövlətləri arasında həm təşkilata söz sahibliyi, həm də regiona nəzarət uğrunda ciddi nüfuz savaşı başlayıb. Düzdür hazırda bu savaş sadəcə diplmatik səviyyədə qalıb, ikili qarşıdurmaya və ya hərbi müstəviyə daşınmayıb, amma iki ölkənin dominantlıq çəkişməsi də ŞƏT daxilində ciddi problemlərə gətirib çıxarır.

Bir neçə gün əvvəl baş tutan Səmərqənd görüşü bu nöqtədə çox önəmli idi. Dünyadakı siyasi dəngələrin sürətlə dəyişdiyi zamanda Səmərqənd görüşünə böyük ümidlər bəslənilirdi. Təşkilata üzv ölkələr, həmçinin müşahidəçi və qonaq qismində iştirak edən dövlətlərin həm ikili, həm də ŞƏT çərçivəsində əməkdaşlığı daha da artırmaq, ziddiyətləri aradan qaldırmaq və yaşanan düynəvi və geopolitik dəyişikliklər fonunda təşkilata üzv ölkələrin maraqlarını daha yaxşı təmin etmək istiqamətində uğurlu addımlar atacağı gözlənilirdi. Ancaq gözləntilərin özünü doğrultmadığını desək yanılmarıq. Çünki görüşdən sonra hansısa istiqamətdə effektiv razılaşmaların əldə edildiyini göstərəck anlaşmalar yoxdur. Sadəcə mədəni və idman sahələrində işbirliyi istiqamətində müəyyən təkliflər irəli sürülüb ki, bunları geopolitik dəyişikliklərlə əlaqələndirmək mümkün deyil.

Əksinə Səmərqənd görüşünü uğursuz saymaq olar. Çünki hələ görüş başlamadan Çin və Rusiya arasında ciddi çəkişmələrin mövcudluğu özünü göstərib. Çin lideri Si Cinpinin “Qazaxıstanın təcavüzə məruz qalmasına göz yummayacaqlarını” bildirməsi və bu açıqlamanı Rusiya təhlükəsinə qarşı səsləndirməsi təşkilatın iki əsas dövlətinin işbirliyindən daha çox ziddiyyət içində olduğunu göstərir. Çin liderinin Qazaxıstan ilə bağlı açıqlaması ilə keçiddən tanış ola bilərsiniz.

Digər əsas məqam isə, yenə Pakistan-Hindistan, Çin-Hindistan münaqişələrinin öz aktuallığını qoruyub saxlamasıdır. Eyni zamanda Mərkəzi Asiyada gərginləşən xaotik vəziyyət də Səmərqənd görüşünün uğursuzluğunu sübut edir. Belə ki, hələ sammitin gedişində, Qırğızıstan və Tacikistan liderlərinin diplomatik masada bərabər əyləşdikləri sırada Qırğızıstran-Tacikistan sərhədində çoxsaylı itkiləırə səbəb olan genişmiyaslı qarşıdurma yaşanıb. Bu isə, təşkilatın qarşılıqlı əməkdaşlıq və bərabərlik şəraitində fəaliyyətinə təsirsiz ötüşməyəcək. Həm də sammit sırasında belə qarşıdurmanın yaşanması əslində təşkilatın işləkliyini sual altında qoyur.

Belə bir situasiyada vacib bir məqama toxunmaq lazımdır: Azərbaycan və Türkiyə tərəflərinin, əhatəni biraz da genişləndirmək lazımdırsa, Türk dünyasının ŞƏT-dən uğurlu istiqamətdə gözləntiləri ola bilərmi?

İzah etdiyimiz kimi, ŞƏT öz daxilində problemlərlə və çəkişmələrlə üzləşmiş bir təşkilatdır. Hətta bu çəkişmələrin böyük əksəriyyəti hərbi müstəvidə baş verib və davam edir. Bu kimi hallar təşkilatın özünün gələcəyini sual altında qoyur. Gələcəyi qənaətbəxş nəsə vəd etməyən təşkilat isə, nəinki Türk dövlətlərinə, ümumiyyətlə heç bir dövlətə uğurlu nəsə vəd etmir. Sadəcə təşkilata nəzarəti hansı dövlət əlinə alacaqsa, uğur həmin dövlətə nəsib olacaqdır. Belə bir xaotik mühitdə təmsil olunmaqdansa, Türk dövlətləri elə özlərinin qurduğu və inkişaf etirdikləri Türk Dövlətləri Təşkilatı (TDT) ətrafında əlaqələrini genişləndirsə daha məqsədəuyğun olar. Çünki TDT daxilində ziddiyyət yoxdur, TDT dövlətləri bir-biri ilə savaşmır və bir-birinin inkişafına əngəl törədəcək siyasi-iqtisadi fəalliyyətlər həyata keçirmir. Belə olan halda Azərbaycan və Türkiyənin, ümumiyyətlə Türk dövlətlərinin öz aralarında əlaqələrin inkişafına fokslanmaq daha uğurlu nəticələr vəd edir.

Şanxay Əməkdaşlıq Təşkilatı isə, artıq beyin ölümü reallaşmış bir təşkilatdır. Çünki bu təşkilatın üzv dövlətləri arasındakı ziddiyyətlər o qədər dərindir ki, həmin ziddiyyətlərin qısa zamanda həll olunmasını gözləmək sadəlövlük olar. Uzun vadədə isə, ziddiyyətlərin həlli belə təşkilatın işləkliyini artırmayacaq. Çünki o zamana qədər dünyada yaşanan dəyişmələr, geosiyasi mübarizələr sona çatacaq və hər ölkə dünya siyasətində öz yerini almış olacaq…

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90