Şenol Günəş: “Neftçi”nin getdikcə daha yaxşı olacağını düşünürəm”

image-senol-gunesbackend

“Neftçi”nin öz çempionatında getdikcə daha yaxşı olacağını düşünürəm”.

Busaat.az xəbər verir ki, bunu Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

71 yaşlı mütəxəssis komandasının Avropa arenasında yoluna davam etməsinə sevindiyini bildirib: “İlk oyunun revanşında məğlubiyyəti qələbəyə çevirdik. “Neftçi” yaxşı komandadır. Mövsümün əvvəli olduğu üçün komandalar istənilən formada ola bilir. Bakıda ilk 75 dəqiqədə üstün idik, sonra nəzarəti rəqibə verdik. Burada da nəzarət bizdə olsa da, hücumda effektli deyildik. “Neftçi”nin hücumunda isə qol buraxdıq. İkinci hissədə dominant olan tərəf biz idik. “Neftçi”nin orta sahə və hücum xətti icazə verildiyi zaman yaxşı oynayır, texnikalı futbolçulardır. Bu gün üstün olmağımızı normal qarşılayıram. Çünki aradan səviyyə fərqi var.

O, bu mövsüm ilk dəfə hesabda geri düşdüklərini xatırladıb: “Bunları mövsümboyu yaşayacağıq. Komanda şəklində həm hücumda, həm də müdafidə olmaq lazımdır. İsti havada oyun tempi normal idi. Sadə qol buraxdıq. Əskiklərimiz oldu. Rəqibə görə çıxış edirdik. Dəyişikliklərdən sonra səviyyə fərqi özünü göstərdi. İkinci hissədə yaxşı idik, amma bəzi bölümlərdə lazımsız hərəkətlər oldu. Ümumi baxımdan normaldır”.

Baş məşqçi son 17 görüşdə məğlub olmamalarının önəmli olmadığını vurğulayıb: “Bu, bizim üçün heç bir məna kəsb etmir. Yalnız oyun səviyyəsini artırmaq barədə düşünürəm. O oyunlar artıq geridə qalıb. Mənim üçün vacib olan azarkeşin matçdan həzz almasıdır. Bu gün daha zəif oynayıb və ya çox yaxşı çıxış edib, böyük fərqlə qalib gələ bilərdik”.

Şenol Günəş qeyd edib ki, birinci hissədə ikinci topu buraxsaydılar belə, fasilədən sonra eyni əvəzləmələrə əl atacaqdı: “0:1 və ya 0:2-nin fərqi yoxdur. İstənilən halda eyni dəyişiklikləri edəcəkdim. Önəmli olan rəqibə az qol imkanı verməkdir. Əslində, standart vəziyyətdən yaxşıyıq. Amma bu gün az qala ikinci topu kornerdən buraxacaqdıq. Hesabda önə keçsəydik, başqa futbolçuları meydana buraxa bilərdim. Məsələn, Cenk Tosunu 10 dəqiqə oynatmağı düşünürdüm. Lakin sonradan risk etmək istəmədim”.

O, “Neftçi”də bəzi oyunçuları fərqləndirib: “Filip Ozobiç yaxşı futbolçudur. Bu gün gözləniləndən zəif oynadı. Kilan Lebon texnikalı futbolçudur. Kenni Sayef də yaxşıdır. Emin Mahmudov uzun müddətdir Azərbaycan yığmasında çıxış edir, çox səviyyəli futbolçudur. Bildiyim qədərilə Azərbaycanda futbolçular az pul alırlar. Bizə gəlsələr, çox pul istəyərlər. Pulsuz gələni də biz almırıq”.

Təcrübəli mütəxəssis Azərbaycan klublarının əcnəbi transferlərinə daha çox üstünlük verdiklərini sözlərinə əlavə edib: “Qarabağ”, “Sabah” və “Neftçi” iddialı komandalardır. Azərbaycanda istedadlı futbolçular var, izlədiyim zaman görürəm. Komanda daxilində uyğunlaşma yaxşı olarsa, daha uğurlu nəticələr əldə edərlər. Azərbaycanda klublar çox transferlər edirlər. Son vaxtlar “Neftçi” daha çox oyunçu alır. Azərbaycan təmsilçiləri, xüsusən də, əcnəbilərə üstünlük verirlər. Bu, Azərbaycan millisinin zəifləməsinə səbəb ola bilər”.

Qeyd edək ki, komandalar arasında Bakıda gerçəkləşən ilk görüşdə “Beşiktaş” 3:1 hesablı qələbə qazanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90