Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində toxunulan məsələlərdən biri də teatr və kinoteatrların açılması olub. Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov qeyd edib ki, sözügedən sahələrin fəaliyyəti hələ ki, məhduddur.
Busaat.az bildirir ki, artıq bu istiqamətdə mədəniyyət nümayəndələri öz narazılıqlarını ifadə ediblər.
Belə ki, əməkdar artist Sənubər İsgəndərli sosial şəbəkə hesabında teatrların hələ də qapalı qalmasına etiraz edib. “Əgər Covid-19 pasportu ilə hər yerə getmək olarsa, niyə teatrlara, kinoteatrlara həmin pasportla getmək olmaz?”, – deyə aktrisa əlavə edib. Onun paylaşımına digər həmkarlarından da reaksiyalar gəlib.
Belə ki, aktyor Vüsal Murtuzəliyev teatr və kinonun bizim üçün ən axırıncı yerdə olan məsələ olduğunu vurğulayıb:
“Bunların birində Çörçil düşüncəsi olmadı. Hansı ki, müharibənin ən qızğın vaxtında sənədləri imzalayarkən mədəniyyət sahəsinə aid sənəd görməyib və əsəbləşib ki, mədəniyyət olmayacaqsa, bəs biz müharibəni nə üçün aparırıq?”.
Xalq artisti, aktyor Ramiz Məlik də S.İsgəndərlinin etirazına reaksiya verənlərdən olub. O, həmkarlarından fərqli olaraq, daha sərt fikirlər bildirib:
“Onlara öz ticarət mərkəzlərinin açılışı lazımdır ki, pul qazansınlar. Teatr, kinoteatrlar, mədəni ocaqlar onları maraqlandırmır. Virusa tutulub sağalanlar bir də 6 aydan sonra vaksin vurdura bilərlər, onda necə olacaq? Bunlar istədikləri yerə gedə bilməyəcəklər? Hərənin ağzından bir avaz gəlir”.