Sumqayıtda narkotik satan ana, qızı və nəvəsi saxlanıldı – Video

image-sumqayitbackend

Sumqayıt şəhərində 2 kiloqram 400 qrama yaxın yüksək təsiredici xassəyə malik narkotik vasitələr və 149 ədəd psixotrop tərkibli dərmanlar qanunsuz dövriyyədən çıxarılıb.

DİN mətbuat xidmətindən Busaat.az-a verilən məlumata görə, şəhər ərazisində “Qəmər” və “Sədat” adlı şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatları daxil olub.

Onların əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarına görə məhkum edilmiş Sumqayıt şəhər sakinləri Qəmər Cəfərova və qızı Sədat Cəfərova olduqları müəyyən edilib.

Q.Cəfərovanın üzərindən 11 qram satmaq üçün nəzərdə tutulan heroin və psixotrop maddə “metamfetamin” aşkar olunaraq götürülüb. O, ifadəsində narkotik vasitələrin bir hissəsinin isə qızı S.Cəfərovanın evində olduğunu bildirib. S.Cəfərovanın saxlanılması istiqamətində onun yaşadığı ünvana gedilib. Məsuliyyətdən yayınmaq istəyən S.Cəfərova 18 yaşlı qızını öz çirkin əməllərinə alət edərək evində olan külli miqdarda narkotik vasitələri ona verib təcili yaşadıqları evi tərk etməsini istəyib. Bu zaman o, polislər tərəfindən binanın çıxış qapısında saxlanılıb və əlindəki bağlamaya baxış zamanı anasının gizlətmək üçün verdiyi ümumi çəkisi 1 kiloqram 700 qram narkotik vasitə, o cümlədən, 817 qram heroin, 703 qram “metamfetamin”, 60 qram marixuana, 90 qram tiryək və 141 ədəd satışı qadağan edilən “Metadon” həbləri aşkar olunaraq götürülüb.

Qeyd edək ki, ailə üzvlərinin evlərindən və üzərlərindən aşkar olunan narkotik vasitələr hazır bükümlər şəklində olub. Bu isə onu deməyə əsas verir ki,  Qəmər Cəfərova və qızı Sədat saxlanılan günə qədər narkotik vasitələrin satışı ilə məşğul olublar.

Qəmər və Sədat Cəfərovalara məxsus narkotik vasitələrin şəhər ərazisinin müxtəlif yerlərində satışını həyata keçirən, əvvəllər məhkum olunmuş Orxan Sultanov tutulub. Onun üzərindən ümumilikdə 30 qrama yaxın heroin aşkar olunaraq götürülüb. İlkin dindirmə zamanı o, narkotik vasitələri Sədat Cəfərovadan satmaq məqsədi ilə aldığını bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90