
Suriya hökuməti milli valyutanı modernləşdirməyə hazırlaşır
Suriya Mərkəzi Bankının sədri Əbdülkadir Husariyye milli valyutanın modernləşdirilməsi üçün şəkil və simvolsuz altı yeni əskinas seriyasının buraxılacağını açıqlayıb.
Busaat.az xəbər verir ki, Suriya Mərkəzi Bankının rəhbəri Husariyyə Suriyanın rəsmi xəbər agentliyi SANA-ya bildirib ki, yeni əskinaslar müxtəlif ölçülərdə olacaq: kiçik, orta və böyük.
Husariyyə izah edib ki, milli valyutanın müasirləşdirilməsi üçün təsvir və simvollardan məhrum altı yeni əskinas seriyası buraxılacaq. O, əlavə edib ki, yeni əskinaslar yoxlamanın asanlaşdırılması və beynəlxalq standartlara uyğun olması üçün nəzərdə tutulub.
Çap və paylama prosesi tamamlandıqdan sonra əskinaslarla bağlı bütün detalların ictimaiyyətlə paylaşılacağını qeyd edən Husariyyə, yeni əskinasların dövriyyədə olan köhnə və köhnəlmiş əskinasları əvəz edəcəyini, lakin ümumi pul kütləsini artırmayacağını vurğulayıb.
Husariyye həmçinin qeyd edib: “Bu, modernləşmə addımıdır, pul kütləsini genişləndirmək məqsədi daşımır, pul bazarında likvidliyi tənzimləməyə və qiymət sabitliyini təmin etməyə yönəlmiş məqsədyönlü pul siyasətidir. Bunu həyata keçirəcəyik”.
Yeganə























