Tarif Şurasının dərman siyasəti: “Bu addım ciddi fəsadlar yaradır”
“Normal səhiyyə sistemi, normal sığorta sistemi qura bilmirsiniz, heç olmasa, rüsumlarla insanların cibinə girməyin”.
Busaat.az xəbər verir ki, bunu Tarif Şurasının 247 dərmanın qiymətini 10%-lə 40% arası qaldırmasına münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.
İqtisadçıya görə, dövlətin qiymət tənzimləməsi inhisarçılığa birbaşa səbəb olur:
“Ölkədə Tarif Şurası tərəfindən 12 689 adda dərmanın qiyməti tənzimlənir, ölkədə satışda olan dərman preparatlarının cəmi 68-i, yəni, satışda olan dərmanların cəmi 0,5%-i yerli istehsaldır. Hökumət dərmanların qiymətini təyin etməməlidir, dövlət tənzimləyəndə həmişə artım olur. Dövlət öz sosial yanaşmasını göstərmək istəyirsə, aztəminatlı ailələrə və ya xroniki xəstələrə dərmanları pulsuz verə bilər və verməlidir. Lakin bütün bazarı dövlət tənzimləyəndə ciddi fəsadlara səbəb olur. Qiymətlər molekullara görə qoyulduğundan daha ucuz, daha keyfiyyətsiz eyni adlı dərmanlar ölkəyə gətirilir ki, bu da insan sağlamlığına ciddi zərbə vurur. Dövlətin qiymət tənzimləməsi inhisarçılığa birbaşa yol açır. Belə ki, məmurlara bağlı dərman şirkətləri üstünlük qazanırlar, tenderləri onlar udur, ölkəyə onlar dərman gətirirlər. Tənzimlənən qiymətlər qıtlığın yaranmasına səbəb olur və nəticədə qiymətlər daha da artır”.
Natiq Cəfərli bildirib ki, ölkədə istehsalı olmayan dərman perparatlarının gömrük rüsumu və ƏDV-i sıfırlanmalıdır:
“Ölkədə dərman firmaların daha çox təmsil olunması təşviq edilməlidir, rəqabətli mühit yaradılmalıdır. Dövlət ədalətli hakim rolunda çıxış etməli, sosialyönümlü olmalıdır. Dərmanların qeydiyyatı və yoxlanılması prosesi şəffaflaşmalıdır. Dərman məsələsi sosial məsələdir. Nəyə görə daxili istehsalı olmayan dərmanlara böyük rüsumlar qoyulmalıdır?! Belə çıxır ki, dövlət xəstə insanlardan pul yığır?!”.