Türkiyəmizin siyasi həyatında yaşananlar barədə düşüncələrim
Türkiyə siyasəti bu günlərdə təhlükəli bir qütbləşmə və prinsipsizlik dalğasına daxil olub. Son aylarda yaşanan hadisələr — xüsusilə Devlet Bahçelinin Abdullah Öcalan üçün hüquqi şərait çağırışı, DEM Partiyası ilə rəsmi danışıqların yolunun açılması və CHP daxilindəki ciddi səssizlik — artıq bir siyasi strategiyadan daha çox, dövlətin ideoloji sabitliyinin sarsılmasının göstəricisidir.
Uşaq qatilinə qurucu öndər kimi yanaşmaq hüquqi məsələ deyil — bu, bir terror təşkilatının liderinin siyasətin təkrar mərkəzinə gətirilməsinə açıq çağırışdır. Bu çağırışın isə uzun illər PKK ilə mübarizənin ideoloji ön cəbhəsində yer alan bir siyasi hərəkatın – MHP liderinin – dilindən səslənməsi tam bir ideoloji və siyasi iflasdır.
Halbuki 2023-cü il seçkilərində MHP-nin də ortağı olduğu Cümhur İttifaqı məhz bu terror təşkilatı üzərindən apardığı propaqanda ilə CHP-ni və Kılıçdaroğlunu “xəyanət”də ittiham edərək səs toplamışdı. Bunu bu gün artıq hər bir Türkiyə vətəndaşı daha aydın görür və anlayır. AK Partiya hakimiyyətinin və ortaqlarının niyyətləri bəllidir: hər hansı bir yolla hakimiyyəti əldən verməmək.
Bəs Türkiyə müxalifəti bu vəziyyətdə hansı durumda yerləşir? Bu, hər kəsi düşündürən bir sıra sualları gündəmə gətirir:
Ana müxalifət partiyası olan CHP bu qədər resursa – millət vəkilləri, bələdiyyə başqanları, media, vətəndaş cəmiyyəti qurumları – sahib olduğu halda, niyə Cümhur İttifaqının kürd məsələsindən istifadə etməsinə qarşı ciddi və qətiyyətli bir mövqe ortaya qoya bilmədi? Yaxud necə oldu ki, belə bir strateji planın hazırlanacağını əvvəlcədən görə bilmədilər?
CHP-nin 50-dən artıq beyin mərkəzi var ki, hər bir vəziyyəti anında analiz edib rəy bildirə bilir. İndi isə nə baş verir? Bu səssizlik nədən qaynaqlanır?
Deyim sizə: ideoloji xəttdən qopma!
Son illərdə CHP liderlərinin fəaliyyətlərinə qısa nəzər saldıqda tablo aydın görünür.
Ekrem İmamoğlu uğurlu bir siyasətçidir, bəli. Amma nə idi o Selahattin Demirtaşa göndərilən sevgi mesajları? Nə idi “demokratiya üçün yanınızdayıq” açıqlamaları? Kandil ilə arasına məsafə qoymayan bir partiya ilə səmimi münasibətlər qurmaq istəyi, qırmızı xətti keçmək deyil idimi?
Təkcə bu deyil. Bələdiyyələrdə HDP-yə yaxın kadrlarla koordinasiya, qrant bölgüsü, “qardaş şəhər” razılaşmaları və HDP ilə birbaşa dialoq kanallarının açılması – bütün bunlar, CHP daxilindəki bəzi fiqurların HDP-nin legitimləşdirilməsinə könüllü şəkildə yardım etdiyini göstərir. Bu isə siyasət deyil, ideoloji təslimiyyətdir.
Başqa bir böyük səhv isə: 2023 seçkilərində CHP siyahılarından TBMM-ə daxil olan bir çox “milliyyətçi” və ya “Atatürkçü” fiqurlar bu gün tamamilə səssizdirlər. O dövrdə seçki kampaniyasını “bölücülüyə qarşı mübarizə”, “Türkiyə Cümhuriyyətinin xilası” ritorikası ilə aparan bu şəxslər, bu gün Öcalan siyasətə qaytarılarkən və Bahçeli onun yolunu açarkən bircə cümlə belə səsləndirmirlər. Əksinə, hakim partiyanın millət vəkili transferləri üçün bazarlığa açıq mövqe nümayiş etdirirlər.
Niyə? Çünki onlar ideoloji və siyasi prinsipə görə deyil, şəxsi mənafe əsasında CHP-yə daxil olmuşdular. İndi isə ya partiyadaxili balanslara toxunmaq istəmirlər, ya da artıq etik məsuliyyət daşımaqdan uzaqlaşıblar.
Bu şəxslərdən heç biri çıxıb demir ki:
“Biz bu məclisə Kandilə qarşı durmaq üçün gəldik, amma bu gün Öcalan siyasətin mərkəzinə gətirilir və biz susuruq.” Tam əksi, deyirlər ki, “Kandil üçün transferə hazırıq…”
Sayqıdeyər CHP-li dostlarım, sizinlə keçirdiyimiz görüşlərdə bu məsələlərə toxunmuşduq, lakin siz bəzi reallıqları qəbul etmirdiniz. Xalqın gözü belə təhlükəli məqamlarda müxalifət partiyalarının üzərində olur. Bir siyasi təşkilatın əsas vəzifəsi sadəcə hakimiyyətə gəlmək deyil – onu hakimiyyətə daşıyan xalqı ideoloji baxımdan hazırlamaqdır.
2021-ci ildə CHP-nin yüksək səviyyəli bir lideri ilə söhbətim zamanı açıq şəkildə qeyd etmişdim:
“Əgər siz seçkidə kürdlərə ‘yağlı tikə’ kimi baxırsınızsa, bu tikəni sizə yedirtməzlər. Yanlış yoldasınız. Kürdləri ‘yağlı tikə’ kimi görməkdən imtina edin. Rəqibiniz bu tikəni sizdən alıb özü yeyəcək və sizi daha da zəiflədəcək.”
Nəticə etibarilə bu gün CHP:
• HDP və DEM Partiyası ilə sərhədsiz bir əməkdaşlığa girib;
• Öcalan məsələsində ictimai rəyi itirməmək üçün mövqesizlik siyasətini qəbul edib;
• Milli təhlükəsizlik məsələlərində açıq mövqe bildirməkdən çəkinir.
Bu, ana müxalifət adına tarixi zəiflikdir və şəxsi mənafelərə görə şüurlu şəkildə məsuliyyət hissinin itirilməsidir.
Qos-qoca partiyanın fəaliyyətini Əkrəm İmamoğlunun azadlığına səfərbər etmək yanlış taktikadır. Təbii ki, azadlıq onun haqqıdır çünki həbsi siyasi sifarişlidir. Amma Əkrəm bəyin azadlığı üzərinə fokuslanan ana müxalifət partiyası neçə bələdiyyə başqanını qoruya bilməyib, həbsinin qarşısını ala bilmədi. Demək ki, taktika da ,strategiya da dəyişməlidir.
Bu xaosda yalnız iki ardıcıl və aydın mövqe var: Ümit Özdağ və Mansur Yavaş.
“Dövlətə qarşı sivil çevriliş cəhdi” olaraq bu gedişatı dəyərləndirən Zəfər Partiyası başqanı Ümit Özdağ, “Öcalanın siyasətə qaytarılması üçün sistematik yol açılır və siz susursunuz” deyə təkbaşına səsləndi. Bu reaksiya yalnız zaman baxımından deyil, məzmun baxımından da tam yerində idi.
Özdağın bu mövqeyi bir daha sübut edir ki, Türkiyədə dövlətin təhlükəsizliyini, hüquqi sabitliyi və ideoloji sərhədləri qoruyan mövqelər artıq marjinallaşdırılmağa çalışılır. Lakin sabitlik və gələcəyə baxış məhz oradadır.
Digər tərəfdən, Mansur Yavaş heç zaman DEM Partiyası ilə yaxınlaşma cəhdində olmayıb. Qəti və davamlı şəkildə dövlətin unitar yapısını və milli birliyini əsas alan bir siyasət yürüdüb. Populist açıqlamalardan, süni ittifaqlardan və seçki uğruna verilən ideoloji güzəştlərdən uzaq durub. Bu səbəbdən Yavaş bu gün real milli mərkəzin əsas Liderlərindən biridir.
Ümumiyyətlə isə əsas məsələ budur:
Partiyalar ideologiya ilə iqtidara gəlməlidirlər, müvəqqəti qazanılan səslərlə deyil.
Bunun nə ilə nəticələndiyini biz Azərbaycanda 1993-cü ildə gördük.
Bu gün Türkiyə siyasətində “dövlətin düşməni ilə masaya oturmaq” prinsipi – “kimin qazandığına görə dəyişir” düsturuna çevrilib. Dünən “vətən xaini” dediklərinə bu gün “hüququ var” deyən liderlər varsa, o ölkədə ideoloji sabitlikdən danışmaq mümkünsüzdür.
Bu gün iqtidar Öcalanı siyasətə təkrar gətirmək üçün yol açır, müxalifət susur, milliyyətçilər isə lidersizlik və çaşqınlıq içindədir.
Belə şəraitdə yeganə sabit səs — ideoloji prinsipləri, dövləti, hüququ və təhlükəsizlik xəttini qoruyan liderlərindir.
Siyasət nə olursa-olsun “ hakimiyyətə qalib gəlmək” üçün aparılmamalıdır. Əgər bir partiya iqtidara gəlmək üçün öz ideologiyasından imtina edirsə, o artıq partiya deyil, sadəcə bir “səs platformasıdır”. Bu cür quruluşlar isə dövlətin gələcəyini qoruya bilməzlər.
Digər ciddi məsələ isə, qarşı tərəf “Turan olsun, amma demokratiya olmasın” şüarı ilə hərəkət edir və Anadolu türklərinin dediyi kimi “duyğu sümürgüsü”nə əsaslanırsa – bu, çox təhlükəli bir gedişdir.
Demokratik anlayış və demokratik inanc milliyyətçi düşüncənin təməl prinsiplərindən biridir. Bir millətin özünü idarə etməsinin ən doğru yolu isə DEMOKRATİYADIR.
Demokratiyasız Turan isə qısır bir ailədir.
Bu üzdən, Türkiyə müxalifətçilərinin üzərinə düşən odur ki, həm Türkiyədə, həm də Türk coğrafiyasında demokratiyanın fənərini zəiflətməsinlər. Türkiyə müxalifətçiləri bir həqiqəti qəbullanmalıdırlar ki, bu, təkcə Türkiyə üçün yox, həm də Türk coğrafiyası üçün vacib və həyati əhəmiyyət daşıyır.
Türk dünyasının Demokratiya fənəri Türkiyədir, bu fənəri zəiflətmək olmaz. Oradakı demokratiyanın zəifləməsi Türk dünyasını qaranlığa boğacaq.
ANAR ƏSƏDLİ