Türk lirəsinin kəskin ucuzlaşması Azərbaycanda devalvasiya riski yarada bilər?-ŞƏRH

image-devalvabackend

Xəbər verdiyimiz kimi, Türkiyə Mərkəzi Bankının sədrinin istefaya göndərilməsindən sonra ilk birja günündə türk lirəsi dollar qarşısında kəskin ucuzlaşıb.

Dolların məzənnəsi 16%-dən çox bahalaşaraq 7,2 lirədən 8,49 lirəyə yüksəlib. Daha sonra dolların məzənnəsi 8,04 lirəyə enib. Avro ilə bağlı da oxşar proses baş verib. Birjada ticarət başlayan kimi avro 9,74 lirəyə yüksəlib, daha sonra 9,22 lirəyə enib.

Maraqlıdır, türk lirəsinin dollar qarşısında kəskin ucuzlaşması həm Türkiyə, həm də Azərbaycam iqtisadiyyatına necə təsir edə bilər?

Mövzunu Busaat.az-a şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, bir neçə gün bundan əvvəl Türk lirəsinin dəyərdən düşməsi Türkiyə iqtisadiyyatı üçün ciddi problemlər yaradıb: “Bunun səbəblərinə toxunarkən son il yarım ərzində düz 4 dəfə Mərkəzi Bankın sədrlərinin dəyişməsi, Türkiyənin müxtəlif arenalarda aktiv siyasi manevrlər etməsi, pul siyasətində etdiyi yanlışlıqları və digər səbəbləri göstərmək olar. Bu da nəticə olaraq lirənin ciddi şəkildə dəyərdən düşməsinə gətirib çıxarıb”.

“Bu vəziyyət ilk baxışdan elə təəssurat yarada bilər ki, lirənin ucuzlaşması Türkiyənin ixrac mallarının rəqabət qabiliyyətini artırmış olur. Düzdür, ucuz milli valyutaya sahib ölkələrin xarici bazarlara ixrac etdiyi məhsullar rəqabət avantajına malik olur. Amma hazırkı durum Türkiyə üçün böyük infilyasiya təhdidləri yaradıb. İnfilyasiya səviyyəsi devalvasiya qədər olmasa da kifayət qədər yüksək həddə gəlib çatıb. Daha dəqiq desək, son bir ildə bu göstərici 20%-i ötməkdədir. Lakin təcrübə onu göstərir ki Türkiyə müxtəlif tənzimləmə metodları ilə bu kimi iqtisadi problemlərin öhdəsindən gəlməyə qadir bir ölkədir. Amma təbii bu asan bir proses olmayacaq”-ekspert vurğulayıb.

image-eldeniz-emirov
Eldəniz Əmirov İqtisadçı-ekspert

O, lirənin kəskin şəkildə ucuzlaşamasının Azərbaycan iqtisadiyyatı üçün təsirlərinə də toxunub: “Bu təsiri əsas iki istiqamətə ayırmaq olar. 1: manatın məzənnəsinə mümkün təsirləri. 2: idxal/ixrac proseslərinə təsirləri. Türk lirəsinin kəskin ucuzlaşmasının Azərbaycanda devalvasiya riskini yaratması kimi qiymətləndirmək düz olmazdı. Təbii ki qonşu ölkələrin milli valyutalarının ucuzlaşmasının öz təsirləri olur. Lakin bunu qorxulu amil hesab etmək olmaz. Çünki devalvasiyanı şərtləndirən əsas amil tədiyyə balansının vəziyyətidir. Azərbaycanda isə tədiyyə balansının vəziyyətinə neft qiymətləri çox təsir edir, nəinki ətraf ölkələrdə baş  verənlər. Odur ki hazırda neft qiymətlərinin büdcədə nəzərdə tutulduğundan 1,6 dəfə baha satılması ən azı cari il üçün devalvasiya təhlükəsini sığortalamış olur”.

“O ki qaldı, lirənin ucuzlaşmasının ixrac və idxal proseslərinə təsirinə, lirənin ucuzlaşması Azərbaycanın ixrac məhsullarının orada bahalaşması və rəqabət qabiliyyətinin azalmasına səbəb olur. Xatırladım ki, bir müddət əvvəl Azərbaycan və Türkiyə hökumətləri arasında Preferensial Ticarət Sazişi  imzalanmışdı. Bu sazişə qədər Türkiyə 4,4 milyard dollarlıq ticarət dövriyyəsi ilə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşı idi. Bu saziş əsasında Azərbaycanın Türkiyəyə rüsumsuz ixrac etmək hüququ əldə etdiyi bir sıra məhsullar Azərbaycan iqtisadiyyatı üçün və ümumi ticari əlaqələr üçün əlavə avantaj yaratmalı idi. Amma lirənin ucuzlaşması bu sazişdən əldə edilməsi gözlənilən nəticələrə də ciddi təsir edəcəkdir. İdxal zamanı isə düzdür, Türkiyədən idxal etdiyimiz məhsullar ucuz başa gəlir və bu yerli alıcılar üçün əlverişli hal yaradır. Lakin qeyd etmək lazımdır ki bu ucuz təklif daxili bazarda da türk məhsullarının yerli məhsullarımıza qalib gəlməsi deməkdir”-müsahibimiz fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90