Türkiyə BRİKS-ə daxil ola bilərmi?

image-thumb600x0-2backend

Türkiyə, Səudiyyə Ərəbistanı və bir sıra digər müsəlman sayılan ölkələrin Ukrayna savaşından sonra Kremllə fəal görünən yaxınlaşması və hətta Rusiyanın aparıcı mövqedə olduğu BRİKS-ə üzv olacaqları barədə informasiyalar sanki ölkələrin növbəti Dünya Savaşı öncəsi qruplaşma yaratması təəssüratı yaratmır ki?

Görəsən, bu haqda siyasi şərhçilər nə düşünür?..

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov:

“Bəli,  mən də sizinlə razıyam ki, siyasi və iqtisadi mərkəzlər artıq bölünməkdədir.  Amma konkret olaraq indiki mərhələdə bu, sadəcə olaraq təbliğata oxşayan  məsələlərdir. İndi baxaq, görək… Çünki iqtisadi maraqlar hər şeyi tənzimləyib öz yerinə qoyacaqdır.  Biz görürük ki, məsələn, Türkiyəni götürsək, onun bəzən anti-Qərb meyilləri, əslinə qalsa, elə Qərbin özü tərəfindən təhrik olunur. Yəni misal üçün, ABŞ Senatında Türkiyəyə qarşı hansısa qərar layihələrinə baxılır. Bu baxımdan həmin proses təbiidir. Və Türkiyə də özünü sığortalamaq üçün neytral, balanslaşmış siyasət həyata keçirməyə çalışır. Gələcək göstərəcək hər şeyi… BRİKS də iqtisadi bir təşkilatdır. Orada Rusiyadan başqa Çindən Braziliyayadək bir çox ölkələr iştirak edir. Əgər Türkiyə üçün BRİKS-də  iqtisadi maraq varsa, niyə də üzv olmasın?..”

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu:

“Sadaladığınız ölkələrin BRİKS-ə qoşulması haqda informasiyalar, demək olar ki, müəyyən niyyət, bəyanat xarakterli məlumatlardır. Və mən həqiqətən düşünmürəm ki, məsələn, Avropa ilə, ABŞ-la bağlılığı olan, NATO üzvü olan Türkiyə bir düşərgədən digərinə sıçrayaraq gedib BRİKS-ə qoşula bilər. Onu da nəzərə alaq ki, BRİKS-ə daxil olan ölkələrin böyük əksəriyyəti, eləcə də Rusiyanın özü heç də Türkiyəyə dost münasibət sərgiləyən ölkələr deyil. Digər ölkələrin bir çoxu isə neytraldır. Amma  Türkiyənin daha çox Pakistanla əməkdaşlığı var. O cümlədən Hindistan üçün də Türkiyə arzuolunan tərəfdaş deyil. Və belə olduğu halda Türkiyənin BRİKS-ə qoşulması çox məntiqsiz görünür. Səudiyyə Ərəbistanı və Misirə gəldikdə… Səudiyyə Ərəbistanı öz təhlükəsizliyi və hərbi baxımdan ABŞ-dan asılıdır. Onun təhlükəsizliyinə başqa heç kim təminat verə bilməz. Odur ki, bu ölkənin də Rusiya, yaxud gələcəkdə İranla eyni təşkilatda birləşməsi inandırıcı görünmür. Misir isə xarici yardımdan son dərəcə asılı dövlətdir və onun xarici yardımının olduqca böyük bir hissəsi Qərbdən gəlir. Misir BRİKS-ə qoşularaq milyardlarla dollarlıq yardımını itirər. Bunun əvəzində o, bu təşkilatdan nə əldə edə bilər ki?  Üstəlik, həmin BRİKS-ə daxil olan ölkələrin özlərinin arasında xeyli ziddiyyətlər var. Və bütün bunları nəzərə alaraq düşünürəm ki, bəhs etdiyiniz informasiyalar daha çox təbliğat, spekulyasiya xarakteri daşıyır. Odur ki, açığı,  bunu real hesab etmirəm…”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90