Türkiyə Qarabağa, Liviyaya necə girdisə, bunun eynisini İsrailə də edə bilər.
Busaat.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Rizə təşkilatının tədbirində çıxışı zamanı bildirib.
Ərdoğanın bu çıxışından sonra İsrail xarici işlər naziri İsrail Katz Qərb ölkələrinin Türkiyəni NATO-dan çıxarması ilə bağlı çağırış edib. İsrail XİN-in açıqlamasında “Türkiyə Prezidenti Ərdoğanın İsraili işğal etmək təhdidləri və onun təhlükəli ritorikası fonunda, İsrail xarici işlər naziri İsrail Katz bütün diplomatlara Türkiyənin qınanması və ittifaqdan çıxarılması tələbi ilə NATO üzvləri ilə təcili olaraq təmasa keçmələri barədə təlimat verib” deyə qeyd olunub.
Maraqlıdır ki, Türkiyə-İsrail gərginliyi hansı səviyyəyə kimi davam edə bilər?
Politoloq Tofiq Abbasov Busaat.az-a açıqlamasında bildirib ki, bu gün Böyük Yaxın Şərq müharibəsini istəyən qüvvələr son dərəcə fəaliyyətdədirlər. Bu qüvvələrin proksi fiquru qismində İsrail çıxış edir.
Onun sözlərinə görə, İsraiin yürütdüyü siyasət öz xalqı üçün yaxşı perspektiv vəd etmir:
“İsrailin dəbdəbəli ritorikasına baxmayaraq, HƏMAS-la müharibəsi heç bir nəticə verməyib. Görünən odur ki, HƏMAS-ın müqavimət potensialı güclüdür. Fələstinlilər İsrailin xüsusi təyinatlı birləşmələrini tələyə salaraq məhv edirdilər. Bundan başqa, Netanyahu üçün ən əsas mövzu olan girovların azadlığa çıxması məsələsi alınmadı. Yəni siyasi cəhətdən HƏMAS hələ ki, qalib gəlir. Belə olan təqdirdə Netanyahu hökuməti regiondakı vəziyyətin indikindən daha da pis olmasına çalışacaq. Bu halda Netanyahunun istefası kölgə altına düşür, müharibə şəraiti ona bəraət qazandırır. İsrail çalışır ki, bu məsələdə öz mütəffiqləri ilə birgə çıxış etsin. Bu mütəffiqlərə ABŞ, Fransa, İngiltərə və bəzi Ərəb ölkələri daxildir”.
Türkiyə-İsrail münasibətinə toxunan Tofiq Abbasov hesab edir ki, Ərdoğanın sərt reaksiyalarının başlıca səbəbi İsrailin çətinliklə üzləşməsinə nail olmaqdır.
“Bir müddət öncə Türkiyə ritorikada çox aktual idi. Lakin bu aktivlik əməldə özünü göstərmirdi. Türkiyənin iqtisadi cəhətdən vəziyyəti yaxşı olmasa da, siyasi cəhətdən İsraillə alış-verişi məhdudlaşdırmağa məcburdur. Çünki müsəlman cameəsi və ərəb dövlətləri Fələstində İsrailin cinayətkarlığının iqtisadi zəmində öz əksini tapması ilə bağlı çağırış edirlər. Ərdoğan hakimiyyəti anlayır ki, ikibaşlı oyun özünü doğrultmayacaq”,- deyə politoloq vurğulayıb.
Tofiq Abbasov: Türkiyənin strateji potensialı Yaxın Şərqə söz sahibi kimi müdaxilə etməyə imkan verir
Müsahibimizin fikrincə, Qərb Yaxın Şərqdə sünni-şiə zəminində qlobal toqquşmanın baş verməsinə çalışırdı. Sadəcə olaraq İsrailin mövcudluğu buna imkan vermir:
“Əgər İsraillə müharibə başlayarsa, Qərbin İsraili dəstəkləyici birmənalıdır. İkinci düşərgədə isə Türkiyə olacaq. Türkiyənin strateji potensialı Yaxın Şərqə söz sahibi kimi müdaxilə etməyə imkan verir. Təsadüfi deyil ki, israilli nazir Türkiyənin NATO-dan xaric edilməsini istəyir”.