Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan üç ikitərəfli sazişi təsdiqləyib.
Busaat.az-ın verdiyi məlumata görə, sənədlər “Resmi Gazete”də dərc olunub.
Təsdiqlənən sazişlər sırasında turizm, su ehtiyatları və baytarlıq sahələrində əməkdaşlığı əhatə edən müqavilələr yer alıb.
“15 noyabr 2024-cü il tarixində Bakı şəhərində imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq olunmasına, 244 saylı Qanunun 5-ci maddəsi və 9 saylı Prezident Fərmanının 2-ci və 3-cü maddələrinə əsasən qərar verilib”, – deyə birinci sənəddə qeyd edilib.
9822 saylı qərarla isə 8 may 2024-cü il tarixində Ankara şəhərində imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi” təsdiq olunub.
Həmçinin, 19 fevral 2024-cü il tarixində Ankara şəhərində imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” də təsdiq edilib.