Üzümü AFFA-ya tutmuram, Ramin Musayevə tuturam

image-160395_yl6teo576kbackend

Vəd olunub verilməyən «İphone»nun başına mindən çox adam yığışır, amma «Qarabağ»la «Neftçi» istisna olmaqla, futbol oyunlarına 200-300 adam gəlmir.

Bizim millət bəxtə, qumara, lotereyaya çox inanır.

Bəlkə bu qumar oyunlarını stadionlara daşıyaq? Doğru sözümdü. Sovet vaxtı olurdu belə şeylər. Aldığın bilet hətta maşın udurdu. Stadionun içində üç dənə fırfıra qoyurdular, birində sektor olurdu, birində sıra nömrəsi, birində də oturduğun yerin nömrəsi. Sonra da fırfıranı fırlayıb xoşbəxt bilet sahibini tapırdılar. Adamlar da bəzən 20-30 bilet alıb bəxtini sınayırdı. Yəni bəxtini qozda sına, sonra da stadionda.

Bunu indi də eləmək olar. Biletin qiymətini 1 manat artır və həmin 1 manatın da 80 faizini uduşa buraxırsan.

«Park Bulvar»da Hüseyn Həsənovun vermədiyi «İphone»nun başına min adam yığışıbsa, stadionda 3-4 «İphone»nun başına 10-15 min adam yığışar. Hələ getdikcə daha yüksək məbləğli hədiyyələr, hətta «Niva» da qoymaq olar. Və bütün avtoşlar yığışarlar o «Niva»nın başına. Azarkeşlərin çoxluğunu görən futbolçular da daha ürəkli oynayarlar. Yoxsa boş tribunaların qabağında nə qədər o tərəf-bu tərəfə qaçmaq olar?

Üzümü AFFA-ya tutmuram, AFFA-nın başı çox bərk qarışıqdı, üzümü PFL-in prezidenti Ramin Musayevə tuturam.

Ramin müəllim, bu barədə fikirləşməyə dəyər. Bu futbolumuzun inkişafına da bir təkan olar. Özü də bilirəm ki, siz yaradıcı insansınız, bunu təşkil etməyə qabiliyyətiniz çatar.

Aqil Abbas

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90