““Vikipediya”da çalışmaq istəyən gənclərimizə təlimlər keçiriləcək” – Elnur Allahverdiyevbackend

“Vətən müharibəsi günlərində xalqımızın hər bir üzvü müqəddəs savaşımızın carçısı, təbliğatçısına çevrildi. Xarici kütləvi informasiya vasitələrinin paylaşımlarına yazılan şərhlərdə, sosial şəbəkələrdə misilsiz fəallıq göstərən vətəndaşlarımız qəhrəman döyüşçülərimizin Vətən uğrunda ölüm-dirim mübarizəsinə özünəməxsus dəstək vermiş oldular, düşməni tək döyüş meydanında deyil, informasiya mübarizəsində də susdurmağı bacardıq”.

Busaat.az xəbər verir ki, bu sözləri deputat Elnur Allahverdiyev sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, Azərbaycan bu qələbəyə doğru uzun yol qət edib: “Bu yol tək hərbi potensial və iqtisadi qüdrətimizi artırmaqdan ibarət deyildi. Bu yol həm də həqiqətlərimizi, erməni vəhşiliyi, torpaqlarımızın işğalı, xalqımıza qarşı törədilən soyqırımı və qəddarlığı bəşəriyyətə çatdırmaq üçün bir sınaq idi ki, ondan da şərəflə çıxdıq. Dövlətimizin rəsmi təbliğatı ilə yanaşı, KİV-lər, sosial şəbəkələrdəki aktiv vətəndaşlar qələbə yolunda öz tövhələrini verdilər.

Şübhə yoxdur ki, düşmənin gözü hər zaman cənnət Qarabağda olacaq. Düşmən daima öz təxribatları, yalan informasiyaları ilə dünya ictimaiyyətini aldatmağa çalışacaq. Bu baxımdan, sayıqlığı bir an belə olsa da, əldən verməməliyik.

İnformasiya əsrində internet məkanında böyük təbliğati müstəvilərindən biri də “vVkipediya”dır. Hazırki reallıq göstərir ki, düşmən bu platformada xeyli güclüdür və bizi qabaqlayıb. Ermənilərin bütün dünyada mövcud olan diaspora qurumları bu işin əsas aparıcı qüvvələridir. “Vikipediya”da ölkəmiz haqqında hər hansı neqativ məlumatı dəyişmək və ya ona düzəliş etmək olduqca çətindir. Ancaq mümkünsüz deyil. Biz çoxlarının skeptik yanaşdıqlarını reallığa çevirmək qüdrətində olduğumuzu Vətən müharibəsində sübut etdik.

Elə isə nədən bunu “Vikipediya”da da etməyək?

Bu məqsədlə ölkəmizin çoxmillətli gənclər ordusu ilə birlikdə bu istiqamətdə də fəaliyyətə başlayıb dövlətimizin haqqlı davasına dəstək vermək qərarına gəldik. “Qorqud” vikipediya Metodiki Klubunun fəalları ilə yeni layihəyə start veririk. “Vikipediya” məkanında Azərbaycanımız haqqında həqiqəti əks etdirən, dolğun materialların yerləşdirilməsinə başlayırıq. Öncüllük verdiyimiz istiqamətlər tarix, mədəniyyət, ədəbiyyat və incəsənətimiz olacaq. Eyni zamanda, arzulayan gənclərimiz üçün təlimlərə də başlayırıq. “Vikipediya”da Vətən üçün çalışmaq istəyən gənclərimizə xüsusi təlimlər keçiləcək. Arzualayanlar bu ünvana elektron müraciət yaza bilərlər:

[email protected]

Vətən hər birimizindir və onu bütün dünyaya biz tanıtmalıyıq. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.