YAKUB KOLAS (1882-1956) – Belarus klasik ədəbiyyatının banisi və görkəmli nümayəndələrindən biri, yazıçı, dramaturq, şair və tərcüməçi, ictimai xadim kimi tanınmışdır.
Ədəbi yaradıcılığa XX əsrin əvvəllərindən şeirləri ilə başlayan yazıçının poeziyasının əsasını doğma xalqına, doğma yurduna sevgi təşkil edir. Şeirlərinin əksəriyyəti mahnılara çevrilmişdir.
Bu il Belarusiya ədəbiyyatının klasiki, xalq şairi, akademik Yakub Kolasın ölümündən 65 il keçir.
Busaat.az onun Nigar Azizi tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş iki şeirini təqdim edir:
QƏM EYLƏMƏ
Qəm eyləmə, günəş çökür,
Bezdirir bu gödək günlər.
Qəm eyləmə, payız düşür,
Enir torpağa kölgələr.
Qəm eyləmə ki, soyuq qar
Torpağı qucaqlayacaq;
Qar altında qaranlıqda,
Ana yurd məhv olmayacaq!
İnan qardaş, gün gələcək,
Bahar qarları qovacaq.
Günəş asta göy üzündən,
Vətəninə boylanacaq!
Qəm eyləmə ki, əbədi,
Qaranlıqdır, çətindəyik.
Bu taleyin əlindədir,
Kasıbçılıq içindəyik.
Qəm eyləmə, günəş itib
Qara buludlar dolaşır.
Od-alovu gecələrin
Göy üzüylə qucaqlaşır.
Bizi üzən nə var hər şey,
Bu tüstüyə qərq olacaq.
İnan, qardaş, gözəl günlər,
Yurdumuza qayıdacaq!
DOĞMA SURƏTLƏR
Ey, ana yurdumun gözəllikləri,
Mənim kədərimsiz, sevincimsiniz,
Könlüm bir quş təki uçur sizlərə,
Hansı qüvvə ilə məni çəkirsiz?
Çaylar, daşlar, dağlar, uzaq təpələr,
Mənə bu meşələr, çöllər doğmadır!
Acı bir kədərlə, dolmuş qəhərlə
Hüznlü bir gözəllik yansıtmaqdadır .
Mən isə şəhərdə bu səssizlikdə,
Yumuram yorulan kipriklərimi..
Gülür surətiniz xəyallarımda,
Qonaq gətirmişəm sevdiklərimi..
Gəlir qulağıma pıçıltı səsi,
Altın zəmilərin, sakit çöllərin.
Palıd budağının xoş təranəsi,
Xoşbəxtlik harayı gur meşələrin.
Unutmadım sizi, küskün qardaşlar,
Zəhmətkeş insanlar, xatirimdəsiz.
Hər an qulağımda sakit, aramla,
Səslənir kədərli həsrət nəğməniz..