Yaponiyadan Ukraynaya gözlənilməz DƏSTƏK: Çin-Rusiya yaxınlaşması Tokionu narahat edir – Şərh

image-1553514748_1507876010_elxanbackend

“Çin hərbi gücünü artırır və qonşuları, o cümlədən Yaponiya üçün təhlükə mənbəyinə çevrilib”.

Busaat.az xəbər verir ki, bu sözləri Yaponiya ilə Ukrayna arasında hərbi yardımla bağlı sənədin imzalanmasını dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, sözügedən əməkdaşlıq beynəlxalq aləmdə maraqla qarşılanıb. Çünki bu, müasir Yaponiyanın tarixində bir ilkdir:

“Yaponlar ukraynalılara gülləkeçirməz jiletlər, dəbilqələr, çadırlar, qış geyimləri, dərmanlar, generatorlar, kameralar, fövqəladə hallarda istifadə üçün müxtəlif alətlər verəcəklər. Yaponiya İkinci Dünya müharibəsindəki ağır məğlubiyyətindən sonra dünyanın müxtəlif qütblərindəki münaqişələrə qarışmır, ancaq iqtisadiyyatla və dünyaya daha çox məhsul ixrac etməklə məşğul idi. Ancaq Rusiyanın Ukraynanı işğal etməyə çalışması Yaponiya kimi neytral siyasətə üstünlük verən ölkəni də hərəkət keçirdib. Tokio Ukraynanın işğalı fonunda Qərb ölkələri kimi başda Rusiya prezidenti olmaqla, bu ölkənin müxtəlif rəsmiləri və biznesmenlərinə qarşı sanksiya qərarı verib. Sanksiyalar siyahısına həmçinin Rusiyanın 49 idarəsi, bankları və şirkətləri daxildir. Yaponiyanın baş naziri Fumio Kisida Kuril adalarının cənub hissəsini Yaponiyanın əzəli əraziləri adlandırıb və vaxtilə Rusiya tərəfindən işğal edildiyini bəyan edib. Baş nazir şimal ərazilərin Yaponiyaya məxsus olduğunu və onların üzərində Yaponiyanın suverenliyinin olduğunu vurğulayıb”.

Rusiyanın Çinlə yaxınlaşmasının Yaponiyada qıcıq yaratdığını bildirən Elxan Şahinoğluna görə, Tokionun qəbul etdiyi qərarın əsas səbəblərdən biri də məhz budur:

“Yaponiyanın İkinci Dünya müharibəsindən sonra keçmiş SSRİ ilə sülh müqaviləsi imzalamadı. Çünki SSRİ Yaponiyanın Kuril adalarını işğal edərək geri qaytarmaq istəmirdi. SSRİ dağıldıqdan sonra Yaponiya Rusiya ilə bu mövzuda danışıqlara başladı. Rusiyanın ilk prezidenti Boris Yeltsin bir ara adaları Yaponiyaya geri qaytarmağa hazır idi. Ancaq Yeltsinin ətrafı onu bu addımdan çəkindirdi. Rusiyada hakimiyyətə gələn Vladimir Putin Tokio ilə danışıqları davam etdirsə də, Kuril adaları məsələsində heç bir addım atmadı. Əksinə Rusiyanın yeni Konstitusiyasına “ərazi güzəşti qadağan edilir” maddəsi əlavə edildi. Yəni, bundan sonra Kuril adalarının Yaponiyaya qaytarılması mümkün deyil, bunun üçün Rusiya Konstitusiyasına düzəliş edilməlidir. Kreml Kuril mövzusunu Tokio ilə müzakirə etmək istəmir. Digər tərəfdən, Rusiyanın Çinlə qurduğu strateji münasibətlər də Yaponiyanı narahat edir. Çin hərbi gücünü artırır və qonşuları, o cümlədən Yaponiya üçün təhlükə mənbəyinə çevrilib. Moskva Çinin bu siyasətini dəstəkləyir. Belə olan halda Yaponiyanın fəal xarici və təhlükəsizlik siyasəti həyata keçirməsinə ehtiyac yaranıb. Ona görə də Yaponiya Rusiya işğalına qarşı müqavimət göstərən Ukraynaya dəstəyə qərar verib”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90