Ölkəmizdə son dönəmlər kibercinayətkarların sayı kəskin sürətdə artıb. Demək olar, hər gün vətəndaşların bank kartlarından oğurluqlarla bağlı məlumatlar oxuyuruq.
Bəs kartımızdakı pullarımızı necə qoruyaq? Necə edək ki, dələduzların toruna düşməyək?
Mövzuyla bağlı Busaat.az-a açıqlama verən İnformasiya Texnologiyaları üzrə mütəxəssis, kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə bildirib ki, insanların aldanmasının başlıca səbəblərindən biri bu sahəni bilməməkdən irəli gəlir. Onun sözlərinə görə, insanlar öz şəxsi təhlükəsizliyini, şəxsi kiber təhlükəsizliyini təmir edə bilmir və kiber maarifələndirici tədbirlərində iştirak etmir:
“Əslində, ölkədə bu sahədə maarifətdirici tədbirlər, təlimlər də çox az həyata keçirilir. Buna görə müəyyən təşkilat və şirkətlərin, eyni zamanda fərdi insanların kiber təhlükəsizliyi çox böyük təhdid altındadır. Yəni hazırda ölkəmizdə elə şərait yaranıb ki, dələduzlar bu şəraitdən çox rahat faydalana bilirlər”.
Müsahibimiz vətəndaşlara səslənərək bildirib ki, ilk növbədə kiber maarifləndirmə tədbirlərində, təlimlərində iştirak etsinlər:
“İstər şirkət rəhbərlərimiz, istər şirkətlərdə müvafiq vəzifələr daşıyan şəxslər mütləq bir formada bu sahədə təlimlərində iştirak etsinlər. Əlavə olaraq, kibertəhlükəsizlik tədbirlərini gücləndirmək üçün bu təlimlərin davamlı keçirilməsi mütləqdir. Çünki yenə bildirmək istəyirəm ki, həm şirkətlərin, həm personalların, həm vətəndaşların kiber təhlükəsizliyinin təmini çox böyük bir önəm kəsb edir”.
Təhlükəsizliyin təmini üçün vətəndaşlarımızı ayıq-sayıq olmağa çağıran Ə.Mövsümzadə qeyd edib ki, insanlar açıq şəbəkələrə, wi-filərə daxil olarkən çox diqqətli olmalıdırlar:
“Çünkü bu wi-filər bir körpü rolu oynuyub onların daxil olduqları zaman apardıqları trafikdən istifadə edərək vətəndaşların şəxsi məlumatlarını oğurlaya bilərlər. Və bu da wi-fiyə bağlanan şəxslərin bir növ hacklenmesidir. Və bu halların qarşısını almaq üçün vətəndaşlar yenə ayıq-sayıq olmalıdırlar. Hər birimiz daxil olduğumuz şəbəkələrdə təhlükəsizlikdən tam əmin olmalıyıq”.
Əmrah Mövsümzadə, İnformasiya Texnologiyaları üzrə mütəxəssis, kibertəhlükəsizlik üzrə ekspert
“Biz kiber təhlükəsizliyin təmini üçün həm vətəndaşlar, həm şirkətlər üçün, kiber maarifləndirici təlimlərə başlamaq istəyirik ki, bu tip dələduzlardan qorunma yollarını daha aydın formada öyrənə bilsinlər”, – deyə Əmrah Mövsümzadə əlavə edib.