Zəfər torpağında ZİRVƏ GÖRÜŞÜ: Azərbaycan, Türkiyə və Pakistan yeni reallıqlar QURUR – Tənzilə Rüstəmxanlı yazır

image-1backend

Bu il Azərbaycanın müstəqillik günü – 28 may tarixə təkcə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə deyil, həm də Azərbaycan, Türkiyə və Pakistan arasında getdikcə möhkəmlənən strateji, hərbi, diplomatik və iqtisadi müttəfiqliyin yeni mərhələsi kimi düşdü.

Azərbaycan, Türkiyə və Pakistan tarix boyu bir-birinin uğurlarına sevinib, çətin günlərdə həmrəylik nümayiş etdiriblər. Ölkələrimiz arasında münasibətlər sırf rəsmi səviyyədə diplomatik əlaqələrdən ibarət deyil. Bu üç ölkə arasında sarsılmaz dostluq, qardaşlıq və qarşılıqlı inam var. Azərbaycan-Türkiyə-Pakistan münasibətləri illərin sınağından keçmiş, çətinliklər içərisində bərkimiş bir bağa çevrilib. Dövlət başçımızın ifadə etdiyi kimi “44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub”

Laçın zirvə görüşündə əsas müzakirə mövzuları regional əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi, enerji və infrastruktur layihələri, nəqliyyat dəhlizləri və müdafiə sənayesi sahəsində birgə təşəbbüslər oldu. Liderlər həmçinin Qarabağın bərpası və bölgədə davamlı sülhün təmin olunması ilə bağlı fikir mübadiləsi apardılar. Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayaraq “Laçın görüşü Türk dünyasının gücünü və birliyini bir daha dünyaya nümayiş etdirir” deyib. Baş nazir Şahbaz Şərif isə Pakistanın Azərbaycanla tarixi və qardaşlıq münasibətlərinə sadiqliyini bildirib və Laçın kimi strateji əhəmiyyətli bir bölgədə olmaqdan məmnunluğunu ifadə edib.

Zirvə görüşünün məkan olaraq məhz Laçında – işğaldan azad edilmiş ərazidə keçirilməsi olduqca simvolik və məqsədli idi. Bu addım Azərbaycanın ərazi bütövlüyünün de-fakto və de-yure şəkildə tanınmasının, beynəlxalq platformalarda yeni postmünaqişə statusunun qəbulunun bariz ifadəsidir. Azərbaycan bu görüşlə beynəlxalq ictimaiyyətə mesaj verdi: müharibədən sonra yaranmış reallıqlar dəyişməzdir və işğaldan azad olunmuş ərazilər artıq sabitliyin, inkişafın və beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilib. Laçın bu mənada yalnız coğrafi deyil, həm də geosiyasi mərkəzə çevrilməkdədir.

Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığı artıq ənənəvi dostluq münasibətlərindən çıxaraq, sistemli, qarşılıqlı strateji maraqlara söykənən ittifaq modelinə çevrilir. Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşmış “Üç Qardaş” strateji formatı regionda sabitlik, əməkdaşlıq və təhlükəsizliyin əsas dayaqlarından birinə çevrilməkdədir. Bu əməkdaşlığın konkret təzahürlərindən biri də məhz azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və inkişaf layihələrində üç ölkənin ortaq iştirakıdır. Ərdoğan və Şərifin Laçında iştirakı yalnız dostluq jesti deyil, bu, həm də beynəlxalq səviyyədə Azərbaycanla həmrəylik nümayişidir. Bu hadisənin özü artıq dünyaya bir mesaj idi. Liderlərin məhz Müstəqillik Günü birlikdə Laçında olması dosta da, düşmənə də mesaj xarakteri daşıdı.

Bu görüşdə səslənən bəyanatlarla həm regiona, həm Avrasiyaya, həm də bütövlükdə dünyaya mesajlar verildi: Azərbaycanın bir yanında nüvə silahına sahib olan dövlət, digər yanında NATO üzvü olan dövlət var. Məhz bu məqamda bəyan edildi ki, biz üç ölkə hər zaman bir-birimizin yanındayıq, tək deyilik. Kimsə fikirləşməsin ki, Azərbaycan, Türkiyə, yaxud da Pakistan təkdir. Hətta Türkiyə baxmayaraq ki, qlobal gücə çevrilir, amma təhdidlərə məruz qalır. Pakistan da onun kimi. Biz bu yaxınlarda Pakistanın hansı təhlükə ilə üzləşdiyini gördük. Bu baxımdan, Laçından bəyan edildi ki, üç qardaş ölkə birlikdədir və təhdidlərdə bu amil nəzərə alınmalıdır.

Azərbaycanın müstəqillik tarixinin ən önəmli günlərindən birində baş tutan bu Zirvə görüşü ölkəmizin regional liderlik mövqeyini daha da möhkəmləndirdi. Türkiyə və Pakistanla birgə atılan bu addım həm də XXI əsrin yeni geosiyasi reallıqlarında “üç dövlət – bir mövqe” düsturunun parlaq nümunəsinə çevrildi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki