Qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında mədəni əlaqələr
təkcə tarix, dil və musiqi ilə deyil, kino və sənət sahəsində də uğurla
davam etdirilir. Bu dostluğun daha bir parlaq nümunəsi isə Türkiyənin
tanınmış “Devin Film” MMC şirkətinin Azərbaycanda həyata keçirdiyi
“Dar Küçələr” adlı ortaq film layihəsidir. Dram və kriminal janrında
ekranlaşdırılacaq bu film, yalnız maraqlı süjet xətti ilə deyil, həm də gənc
istedadlara yaradılan imkanlarla seçilir.
Layihənin məqsədi iki ölkə arasında kino sahəsində əməkdaşlığı
möhkəmləndirmək və Azərbaycan aktyorları ilə rejissorlarına yeni
yaradıcılıq imkanları qazandırmaqdır. Bu müsahibədə layihənin ideya
müəllifi və “Devin Film”in direktoru Atila Uysal ilə “Dar Küçələr”
filminin detalları, çəkiliş planları və gələcək perspektivləri barədə
danışdıq.
Atila bəy, xoş gördük! İlk olaraq oxucularımıza özünüz haqqında qısa
məlumat verərdiniz.
Mən Atila Uysal, Türkiyənin İstanbul şəhərində yaşayıram, evliyəm və üç
övlad atasıyam. Hazırda “Devin Film” MMC-nin direktoru və layihənin
rəhbəri kimi fəaliyyət göstərirəm.
“Devin Film” şirkəti nə zaman yaradılıb və əsas məqsədləri nələrdir?
Şirkətimiz 2024-cü ilin iyul ayında Bakıda təsis olunub. Əsas məqsədimiz
yüksək keyfiyyətli bədii və sənədli filmlər istehsal etmək, xüsusilə də gənc
istedadlara dəstək olmaq və onlara sənayedə özlərini göstərmək üçün şərait
yaratmaqdır.
“Dar Küçələr” layihəsinin ideyası haradan yaranıb? Filmin mövzusu
nəyə əsaslanır?
Layihənin ideyası real həyatdan ilhamlanıb. Cəmiyyətin qaranlıq
küçələrində baş verən dramatik hadisələr və onların insanlara təsiri filmin
əsas süjet xəttini təşkil edir. Bu həm fərdi dramları, həm də sosial
problemləri əks etdirən güclü bir hekayədir.
Filmin çəkilişi üçün Azərbaycanı seçməyinizin xüsusi bir səbəbi varmı?
Əlbəttə. Azərbaycanın mədəniyyəti, insanları və təbiəti bizim üçün çox
dəyərlidir.Beləliklə, bu layihə ilə ortaq tariximizi və dostluğumuzu da
kinoya daşımaq istəyirik.
Çəkilişlər nə vaxtdan başlayacaq və hansı bölgələrdə aparılması
planlaşdırılır?
Artıq “Dar Küçələr” filminin dörd seriyası hazırdır və yaxın aylarda
televiziya kanalın birində nümayiş olunacaq. Hazırda çəkilişlər əsasən Bakı
və ətraf ərazilərdə aparılır. Gələcək planlarımızda isə Azərbaycanın müxtəlif
bölgələrində çəkilişlər nəzərdə tutulub.
Film heyətində Azərbaycan və Türkiyədən aktyorlar iştirak edəcəkmi?
Aktyor seçimi necə aparılır?
Əsasən Azərbaycan aktyorları ilə çalışırıq – həm tanınmış simalar, həm də
yeni başlayan istedadlar layihəyə cəlb olunub. Lazım gələrsə, Türkiyədən də
aktyorlar dəvət ediləcək. Seçimlər isə tamamilə peşəkar kastinqlər vasitəsilə
həyata keçirilir.
Filmin janrı nədir və əsas vermək istədiyiniz mesaj nədən ibarətdir?
Dram və kriminal üslubda çəkilən bu film, tamaşaçıya dərin emosional
təəssüratlar bəxş etməklə yanaşı, onu həyatın sərt və unudulan tərəfləri
üzərində düşünməyə çağırır.
Gələcəkdə bu cür ortaq layihələrin davamı planlaşdırılırmı? Bu
əməkdaşlıq iki ölkənin kino sənayesi üçün nə vəd edir?
Əlbəttə, bu layihə yalnız başlanğıcdır. Qarşılıqlı bilik və təcrübə mübadiləsi,
yeni simaların üzə çıxması və mədəni əlaqələrin güclənməsi əsas
məqsədlərimizdəndir.
Layihə çərçivəsində aktyorlar üçün təlim və kurslar da təşkil
olunacaqmı?
Bəli. Seçilmiş iştirakçılar üçün xüsusi təlim proqramlarımız mövcuddur.
Hədəfimiz yalnız film çəkmək deyil, həm də aktyorların peşəkarlığını
artırmaqdır.
Azərbaycan aktyorlarına üstünlük veriləcəkmi?
Tamamilə. Bu layihə əsasən yerli istedadların üzə çıxmasına və inkişafına
yönəlib. Azərbaycanlı aktyorların bu layihədə xüsusi yeri var.
Peşəkar aktyor olmayan, lakin potensialı olan şəxslər üçün seçimlər
nəzərdə tutulubmu?
Təbii ki. Yeni simalara hər zaman açığıq. Onlar üçün mentorluq, təlim və
məşqlər təşkil olunacaq. İstedad varsa, biz onu üzə çıxarmaq üçün
buradayıq.
Sonda tamaşaçılara nə demək istərdiniz?
Əvvəla sizə təşəkkür edirəm, bu layihəyə maraq göstərdiyiniz üçün.
Tamaşaçılara isə demək istərdim ki, özünüzə inanın və inkişaf üçün daim
çalışın. İstedad gec-tez parlayır. “Dar Küçələr” təkcə bir film deyil, bu
layihə iki xalqın qəlbini birləşdirən yeni bir mədəni körpüdür. Ümid edirik
ki, film milyonlarla insanın qəlbinə toxunacaq və yeni ümidlər doğuracaq.