27 sentyabr – Vətəni birlik rəmzi edən şəhidlərə əbədi borcumuz

image-166404381824167164_1200x630backend

Bizlər şərəf dolu bir tarixin Anım Gününü qeyd edir. Minilliklər ərzində Azərbaycan xalqının taleyində çoxsaylı faciələr, itkilər yaşanıb, zəngin qəhrəmanlıq səhifələri bir-birini əvəzləyib. 2020-ci ilin 27 sentyabrı isə Azərbaycanın müasir tarixində qürurla, vüqarla anılacaq bir gündür. Çünki o gün Azərbaycanın igid, cəsur oğulları qanları, canları bahasına 30 ildir xalqın sınan, tapdalanan qürurunu – Qarabağı işğaldan azad etdi. Eyni zamanda, ermənilərin xalqımıza qarşı 200 ildən bəri həyata keçirdiyi işğalçılıq əməllərinə 44 gündə son qoyaraq əzmkar, şücaətli, qalib xalq adını özünə qaytardı.
Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı həyata keçirən ermənilər ötən əsrin sonlarında da xarici havadarları tərəfindən silahlandırılaraq Azərbaycan torpaqlarının 20 faizini işğal etdi. İşğal zamanı yaşayış məntəqələrimiz dağıdıldı, dinc əhali amansızcasına qətlə yetirildi. Ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində görünməmiş vəhşilik aktı olan Xocalı faciəsi isə bütün bəşəriyyətə qarşı törədilmiş cinayət idi. Bir gecədə Xocalı adlı şəhəri yer üzündən silən ermənilərin bu əməllərinə dünya birliyi göz yumdu, qatillər cəzalandırılmadı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı, illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmadan kağız üzərində qaldı. Ermənistan isə bu illər ərzində işğalçılıq siyasətinə davam etdi, ərazilərimizdə təxribatlar törətdi, mütəmadi olaraq təmas xətti boyunca dinc əhalimizə atəş açdı, onların rahat yaşayışına mane oldu. 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşləri isə göstərdi ki, Azərbaycan bu işğalla heç zaman barışmayacaq.
2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. Xatırladıqca yenə sanki o günlərə qayıdırıq. Dövlətimizin başçısı həmin gün xalqa müraciət etdi və nəinki ölkəmizdə, hətta dünyada yaşayan azərbaycanlıların gözü, diqqəti ekranlarda idi. Çünki artıq səbir tükənmişdi, hər kəs bu günü, Müzəffər Ali Baş Komandanın əmrini gözləyirdi. Prezident İlham Əliyev həmin gün xalqa müraciəti zamanı bildirdi: “Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür”.
Heç bir müharibə qansız-qadasız, itkisiz ötüşməyib. Hər qazanılan zəfərin arxasında cəsur oğulların tökülən qanları var. Əbəs demirlər ki, torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur. Vətən məhz torpağı uğrunda gözünü qırpmadan canından, qanından keçməyi bacaran oğullar sayəsində var olur. 27 sentyabr – Anım Günündə ruhları qarşısında baş əydiyimiz şəhidlərimiz, itkin düşmüş hərbi qulluqçularımızla bərabər, həm də müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmənin təxribatlara əl ataraq, cəbhə bölgəsindən uzaqda günahsız mülki insanları hədəfə almaqla törətdiyi müharibə cinayətlərinin qurbanları da var. Tərtərdə, Gəncədə, Bərdədə həlak olan dinc, günahsız insanlar da Vətən müharibəsinin şəhidləridir. Qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı, canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu və bu zəfər həm də “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoydu. Əlbəttə ki, cəsur, vətənpərvər oğulların yetişməsində məktəbin, təhsilin rolu danılmazdır.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il sentyabrın 27-nin ölkəmizdə Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilməsi zəfərin müəlliflərinə olan sədaqət, vəfa nümunəsidir. Anım Günü sadəcə bir dəqiqəlik sükutdan ibarət deyil, o altmış saniyəlik sükutun içərisində Vətənə fəda edilən neçə-neçə yarımçıq qalmış talelər var. O bir dəqiqənin daşıdığı məna yükü nəinki dəqiqələr, saatlar, heç illərə də sığmaz. O sükutda şəhid Vətən oğullarının dastanlara sığmayan qəhrəmanlığı var. Bir daha onların hər birinin qarşısında baş əyirik, onlar sayəsində Vətənimiz bütöv oldu, Qarabağ həsrətimiz bitdi, Şuşa xəyallarımız gerçəkləşdi. Şəhidləri unutmamaq və unutdurmamaq isə indi hər birimizin əməli fəaliyyətini tamamlayan vətəndaşlıq borcudur.

Sənan Hüseynov – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin III kurs tələbəsi, Nyu-York Elmlər Akademiyasının üzvü

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki