600-dən çox bal toplayanlar əsgərliyi bu universitetdə keçəcəklər

image-esger-dersbackend

Universiteti bitirən gənc İT mütəxəssislər əsgərliyi yenidən digər universitetdə davam etdirəcəklər.
Yeniavaz.comxəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
Osman Gündüz bildirib ki, yeni əsgərlik konsepsiyasına əsasən Milli Müdafiə Universitetinin tərkibində yeni bölmələr yaradılır: “Digər universitetlərin, o cümlədən xarici universitetlərin bakalavr və magistraturasını İT ixtisaslar üzrə uğurla bitirənlər Milli Müdafiə Universitetinin tərkibində həmin bölmələrdə xüsusi şəraitdə əsgərliklərini davam etdirəcəklər. Onlar öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunacaqlar. Bununla da Ordumuzda yeni intellektual qabiliyyətli bölmələr yaradılmasına start verilir. Düşünürəm ki, çox faydalı və əhəmiyyətli bir addımdır. Bununla da təhsili yeni başa vuran İT mütəxəssislər həm öz bilik və bacarıqlarını təkmilləşdirərək faydalı təcrübə qazanacaq, həm də Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəklər”.
Məlumat üçün bildirək ki, dünən Müdafiə Nazirliyinin açıqladığı məlumatda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradıldığı qeyd olunub.
Qeyd olunub ki, təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə nazirlikdə hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir.
Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.
Yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər.
Göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcək.
Müasir texnologiyaları və yanaşmaları tətbiq edə biləcək mühüm bacarıqlara malik insan kapitalının formalaşdırılmasının ölkəmiz üçün əhəmiyyəti nəzərə alınaraq, xüsusi istedadlı gənclərin həqiqi hərbi xidmət müddətində öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanmaları təmin ediləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki