ABŞ-Çin qarşıdurması böyüyür? – “ABŞ Tayvanı müdafiə edəcəyini deyə bilməz”

image-s-93766effeb3fd57d1eb97be90d1d202a88fe39c7backend

Çin Xarici İşlər Nazirliyi diplomatik kanallar vasitəsilə ABŞ prezidenti Co Baydenə etiraz edib.

Busaat.az xəbər verir ki, buna səbəb Baydenin bir neçə gün əvvəl CBS kanalına müsahibəsi zamanı Tayvanla bağlı səsləndirdiyi fikirlər olub.

Belə ki, aparıcı Baydenə “Çin Tayvana hücum edərsə dəstək verəcəksinizmi?” sualını ünvanlayıb. Cavabında Bayden, “Hətta misli görülməmiş hücum olsa da dəstəkləyəcəyik”, deyə bildirib.

Buna qarşılıq olaraq Çin Xarici İşlər Nazirliyinin sözcüsü Mao Ninq ABŞ-ın Tayvanla bağlı bütün məsələləri lazımi şəkildə və diqqətlə ələ alması gərəkdiyini bildirib: “Abş Tayvanın müstəqilliyini dəstəkləyən qüvvələrə yanlış siqnallar verməməlidir. Vaşinqton administrasiyası Çin və ABŞ münasibətlərinə xələl gətirəcək, münasibətləri zədələyəcək, Tayvan boğazında sülh və sabitliyi pozacaq söz və hərəkətlərdən çəkinməlidir”.

“Biz (Tayvanla) sülh yolu ilə birləşmək üçün əlimizdən gələni etməyə hazırıq, lakin eyni zamanda separatizmə yönəlmiş heç bir hərəkətə dözə bilmərik”, – deyə Mao əlavə edib.

Öz növbəsində Tayvan Xarici İşlər Nazirliyinin sözçüsü Con Ou ABŞ prezidentinə təşəkkür edib: “Son açıqlamalar bir daha göstərir ki, Çinin Tayvan boğazında artan təhlükəsi bütün dünyada geniş narahatlıq doğurur. Tayvanın təhlükəsizliyinə dəstəyinizin möhkəm olduğunu bir daha təsdiqlədiyiniz üçün təşəkkür edirəm. Tayvan ABŞ və digər həmfikir ölkələrlə işləyərək özünümüdafiə qabiliyyətini gücləndirəcək və Hind-Sakit okean regionunda beynəlxalq nizamı birgə müdafiə edəcəyik”. Qeyd edək ki, Çin və ABŞ arasında yaşanan bu gərginlik ABŞ-ın Tayvanla bağlı yeritdiyi “strateji qeyri-müəyyənlik” siyasətinə zidd olan ən bariz nümunə olaraq şərh edilib.

“Vahid Çin” siyasətini qəbul edən və Pekin administrasiyasını bütün Çinin qanuni hökuməti kimi tanıyan Vaşinqton, 1979-cu il tarixli Tayvan Münasibətləri Aktında adanın özünümüdafiəsini təmin etmək üçün hərbi potensiala malik olmasını dəstəkləyəcəyi, birtərəfli hərəkətlərə qarşı çıxacağı və bölgədəki status-kvonu dəyişdirəcəyi barədə öhdəlik götürüb.

“Strateji qeyri-müəyyənlik” adlandırılan və ABŞ ordusunun adanı aktiv şəkildə müdafiə edəcəyinə dair rəsmi açıqlamalar verməkdən çəkindirən öhdəliklər ABŞ-a Tayvanı müdafiə etmək üçün hərbi yola əl atmağa hüquqi zəmin yaratmır. Elə proqramdan sonra, CBS kanalı Ağ Ev-in dilindən ABŞ-ın Tayvan siyasətinin dəyişmədiyini bildirən fikirlərə yer verib: “Birləşmiş Ştatlar rəsmi olaraq Amerika ordusunun Tayvanı qoruyacağını deyə bilməz”. Tayvan ətrafında davam edən ABŞ-Çin qarşıdurması ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin avqustun 2-3-də Tayvana səfərindən sonra daha da artıb.

Pelosi son 25 ildə Çinlə münaqişədə olan adaya səfər edən ilk ABŞ Nümayəndələr Palatası sədridir. Bu səfər adanı öz ərazisi kimi görən Çinin sərt reaksiyasına səbəb olub.

Səfərdən sonra Çin ordusu adanın ətrafında hərbi təlimlərə başlayıb və 7 gün davam edən təlimlər adanın ətrafında faktiki blokada yaradıb. Həqiqi silah və sursatlardan istifadə edilən təlimlər zamanı Çindən atılan raketlər Tayvan yaxınlığındakı sulara düşüb.

Ordu sözçüsü təlimlərin avqustun 10-da başa çatdığını açıqlayıb, lakin Tayvan boğazında hərbi patrul fəaliyyətinin davam edəcəyini bildirib. Pekin “Vahid Çin prinsipi”ni vurğulayaraq Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır və onu tanıyan ölkələrin Tayvanla diplomatik əlaqələri kəsməsini tələb edir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90