ABŞ hərbçilərinin Ermənistana yerləşdirilməsi qərarı Cənubi Qafqaz regionunda və beynəlxalq siyasət arenasında geniş müzakirələrə səbəb olub.
Busaat.az-ın məlumatına görə, bu addım həm regional, həm də qlobal miqyasda ciddi əks-səda doğurub, çünki Ermənistan ənənəvi olaraq Rusiyanın təsir dairəsində olan bir ölkə kimi tanınır.
Baş verənləri Amerikanın Rusiyaya mesajı kimi də dəyərləndirmək olarmı?
Busaat.az bu sualı Azərbaycan Ordusunun ehtiyatda olan zabiti, Silahlı Qüvvələr Veteranı Elşad Hüseynova ünvanlayıb.
Elşad Hüseynov: Qoşunların yerləşdirilməsi müxtəlif mövqelərin formalaşdırılmasına səbəb ola bilər
E.Hüseynov bildirib ki, bu addımı geosiyasi dinamikanı dəyişmək məqsədli gediş olaraq qiymətləndirmək olar:
“ABŞ-nin bu cür addımı bir tərəfdən geosiyasi dinamikanı dəyişmək, digər tərəfdən isə Ermənistanın təhlükəsizliyini təmin etmək üçün atılmış bir addım kimi qiymətləndirilə bilər. Eyni zamanda, bu hadisə Cənubi Qafqazda davam edən münaqişələrin və regional güclər arasındakı balansın yeni bir mərhələyə keçdiyinə işarə edir”.
O, regionun ABŞ üçün hərbi və digər aspektlərdən strateji əhəmiyyəti ilə bağlı söz açıb. Onun sözlərinə görə, regionun strateji əhəmiyyəti xüsusilə Rusiya, İran və Türkiyə kimi regional güclərin burada böyük maraqları olması ilə bağlıdır:
“Cənubi Qafqazın enerji resursları, coğrafi mövqeyi və beynəlxalq nəqliyyat yolları üzərində yerləşməsi, bu bölgəni qlobal güclərin diqqət mərkəzinə çevirir”.
Ehtiyatda olan zabit ölkənin Cənubi Qafqazdakı coğrafi mövqeyi ilə bağlı fikirlərini də bölüşüb:
“Ermənistan həm Türkiyə, həm də Azərbaycanla sərhəddə yerləşir, eyni zamanda İranla da sərhədləri var. ABŞ hərbçilərinin burada mövcudluğu regiondakı güc balansını dəyişə və Rusiya ilə Türkiyə arasındakı hərbi-strateji münasibətlərə təsir edə bilər”.
Həmsöhbətimiz qeyd edib ki, Rusiya ilə hərbi gərginlik məsələləri də aktuallaşacaq mövzulardandır:
“Ermənistan uzun müddət Rusiya ilə hərbi müttəfiq kimi tanınıb. Rusiya Ermənistanın ən böyük silah təchizatçısı olub və Ermənistan ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşir. ABŞ hərbçilərinin Ermənistana yerləşdirilməsi Rusiyanın bu ölkə üzərindəki hərbi təsirini zəiflədə bilər. Bu, regionda potensial hərbi gərginliyə səbəb ola bilər, çünki Rusiya öz təsir dairəsini qorumaq üçün müəyyən addımlar ata bilər”.
E.Hüseynovun fikrincə, Rusiyanın regionda hərbi gücünün azalması həm də Gürcüstan və Azərbaycan kimi ölkələrin də təhlükəsizlik siyasətlərinə təsir göstərə bilər:
“Gürcüstanın ABŞ və NATO ilə yaxın əlaqələri var və Azərbaycanın hərbi-strateji müttəfiqi Türkiyədir. Bu kontekstdə ABŞ-nin Ermənistana hərbi yerləşdirməsi Cənubi Qafqazda yeni hərbi ittifaqların və mövqelərin formalaşmasına gətirib çıxara bilər”.
Ekspert rəyi və digər formalaşan fikirlər onu deməyə əsas verir ki, ABŞ-nin Ermənistana hərbçilərini yerləşdirməsi hərbi-strateji baxımdan regionda mühüm dəyişikliklərə səbəb ola bilər. Lakin, eyni zamanda, bu qərar regionda mövcud münaqişələrin eskalasiyası riskini də artırır.
ABŞ-nin bu hərbi mövcudluğu Cənubi Qafqazda yeni strateji reallıqların formalaşmasına və regionda təhlükəsizlik balansının yenidən formalaşmasında mühüm təsir göstərəcək hadisə sayılacaq.