Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilib.
Busaat.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri elan olunub.
Məhkəməyə gələ bilməyən Elmira Mehraliyeva istintaqa ifadəsində qeyd edib ki, hadisələr baş verəndə Meşəli sakini Novruzun evinə yığışıblar. Zərərçəkmişin sözlərinə görə, o, Meşəlidə xəsarət alıb və Ağdamda xəstəxanada müalicə alıb.
Zərərçəkmiş deyib ki, 1997-ci ildən əlil kimi təqaüd alır.
Daha sonra Vaqif Xaçaturyan dövlət ittihamçısı, Baş prokurorun köməkçisi Müqəddəs Sultanovun suallarını cavablandırıb.
O, hadisələr baş verən zamanı kənddə olmadığını deyib: “Sadəcə, Badara kəndində danışırdılar ki, Meşəlidə iki nəfər ölüb. Onlar Əvəz və arvadı idi. Kim hücumlarda iştirak edibsə, Allah onların canını alacaq. Onsuz bir çoxu orada öldü, bəziləri də 2020-ci ildə üçtərəfli bəyanatdan sonra kənddən qaçıb getdilər. Badara kəndindən 220 nəfər 2020-ci ildə çıxaraq getdi və geri qayıtmadı”.
V. Xaçaturyan, həmçinin “Meşəli hadisələrində kimin əli var, Allah bəlasını verib, çoxu ölüb”, deyib.
Proses noyabrın 1-də davam etdiriləcək.
Qeyd edək ki, Vaqif Xaçaturyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilir.
Vaqif Xaçaturyanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 milyon 568 min 60 manat, dövlətə isə 130 min 800 manat məbləğində maddi ziyan vurulub.