Bu gün Azərbaycan İdman Akademiyası (ASA) və Azərbaycan Tibb Universiteti (ATU) arasında görüş keçirilib.
Busaat.az Apa.az-a istinadən xəbər verir ki, ATU rektoru professor Gəray Gəraybəyli və ASA-nın rektoru Fuad Hacıyevin rəhbərliyi ilə baş tutan görüşdə, ATU-nun Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov, Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan, Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Tədris Departamentinin müdiri, dosent Kamandar Yaqubov, İctimai Səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova, ASA-nın Tədris işləri üzrə prorektor Ülkər Babayeva, Tədris işləri üzrə prorektorun müşaviri Zərifə Kamilova, Tədrisin planlaşdırılması və proqnozlaşdırılması departamentinin müdiri Nazim Abbasov, Beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsinin müdiri Cəmilə İsmayılzadə, Sağlamlaşdırıcı idman və reabilitasiya kafedrasının müdiri Könül Məmmədova və MediaLab-ın meneceri Qoşqar Cəfərov iştirak ediblər.
İki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları müzakirə olunub. Daha sonra tərəflər arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Memoranduma ASA ilə ATU arasında elmi-tədqiqat sahəsində birgə layihələrin həyata keçirilməsi, multidissiplinar tədqiqatların təşviqi, innovasiyalar vasitəsilə yeni elmi nəticələrin əldə olunması, tədris proqramlarının yenilənməsi və qabaqcıl təhsil metodlarının tətbiqi daxildir.
Tələbə və müəllim mübadiləsi proqramlarının təşkili, qarşılıqlı təlim və təcrübəkeçmə imkanlarının yaradılması, mövcud tədris resurslarından birgə istifadə, əhalinin sağlamlığını qorumaq məqsədilə sosial layihələrin həyata keçirilməsi, habelə idman və səhiyyə sahəsində müasir yanaşmaların təşviqi memorandumun əsas hədəflərindəndir.
Tərəflər beynəlxalq akademik və elmi əlaqələrin gücləndirilməsi, beynəlxalq layihələrdə birgə iştirak etməklə regional və qlobal səviyyədə təsir imkanlarının artırılması istiqamətində də əməkdaşlıq edəcəklər.