Son dövrlər ümumi dünya siyasətində ciddi dəyişikliklər yaşanmaqdadır. Bu dəyişikliklər o dərəcədə ciddi hal alıb ki, hətta dünyanın ən böyük və supergüc ölkələri özlərindən zəif ölkələrlə hesablaşmaq məcburiyyətində qalırlar.
Məsələn, Rusiya özünün “proyekt dövləti” Ermənistan ilə sözün əsl mənasında dil tapa bilmir və vaxtaşırı diplomatik gərginliklər yaşanır. Halbuki, müəyyən müddət əvvəl kimsə ehtimal verə bilməzdi ki, Ermənistanda kimsə Rusiyaya qarşı addım atmaq cəsarətində olsun..
Hətta Çin kimi bir ölkə belə, müstəqilliyi bütün dünya tərəfindən tanınmayan hansısa Tayvanın “nazını çəkməyə” məcbur olub.
Bu nöqtədə Fransa və Azərbaycan münasibətləri də dünyanın geosiyasi və ümumi siyasi vəziyyətinin kəskin şəkildə dəyişdiyinin xəbərçisidir. Fransa özünün dünya siyasətindəki rolu və sahib olduğu hərbi-siyasi-iqtisadi gücü ilə düşünürdü ki, o, Azərbaycan üzərində söz sahibi olacaq və bütün istəklərini rahat şəkildə diqtə edəcək.
Ancaq görünən odur ki, Azərbaycan tərəfi Fransanın bu xülyalarını heç etməkdədir və bu rəsmi Paris tərəfindən qəzəblə qarşılanır. Belə olmasa idi, Fransa otuz ildir gizli şəkildə işğal və terror qüvvələrinə verdiyi dəstəyi açıq müstəvidə davam etdirməzdi. Bəli, bu gün Frasna ermənilərin işğal və terror siyasətini dəstəkləyən ölkələrdən birinə çevrilib və Parisin bu addımı anti-Azərbaycan niyyətlərindən qaynaqlanır…
Fransanın anti-Azərbaycan siyasətinin səbəbləri…
Birincisi, Fransa imperial maraqlarını özünün “demokratiya” mühitində 21-ci əsrə daşımağı bacarıb. Belə olmasa idi, fransızlar Əlcəzair və digər ölkələrdəki işğal və soyqırımı hərəkətlərinə görə üzr istəyər, buna görə beynəlxalq hüququn ona tətbiq edəcəyi cəzalara razı olar və adını, keçmişini təmizə çıxarmasa da, ən azından demokratiya və dünya sülhündən bəhs edərkən, biraz səmimi görünərdi…
İndi Fransa tərəfi yaxşı hesablayır ki, Azərbaycanın bölgədə söz sahibinə çevrilməsi, onun imperial maraqlarına zərər verir. Ona görə ki, Azərbaycan bölgədə güclənərək bölgədəki kənar müdaxilələri sıfıra endirməyi və Cənubi Qafqazda davamlı sülhü təmin etməyi hesablayır. Bu şəraitdə Cənubi Qafqazda tək söz sahibi Azərbaycan, həm də dolayısıyla Azərbaycanla müttəfiq münasibətlərə sahib Türkiyə olacaq.
Bölgədə münaqişələrin davam etməsi və sülhün əldə edilməməsi isə, kənar qüvvələrin regiona təsir imkanlarını artırmağa imkan verir. 30 illik işğal dövründə gördük ki, bu şəraitdə bölgədə maraqları təmin olunan ölkələrin başında müvafiq olaraq, Rusiya, İran, Fransa və ABŞ gəlirdi. Yeni geosiyasi reallıqda – yəni münaqişələrin tam bitməsi və regionda davamlı sülhün təşkil edilməsi zamanı ən çox zərər görəcək tərəflər də müvafiq olaraq İran, Fransa, Rusiyadır.
İkincisi, Fransda güclü erməni lobbisi var ki, onların təzyiqləri də anti-Azərbaycan siyasətinin formalaşmasında önəmli rol sahibidir. Fransız xalqı ağılsız siyasi liderlərin fonunda erməni maraqlarının əsirinə çevrilib…
Üçüncüsü, yeni dünyanın formalaşması zamanı güc mərkəzləri və güc nisbətlərinin də dəyişəcəyi artıq reallığa çevrilib. Fransa tərəfi dünya liderliyi uğrunda mübarizədə uduzduğunu, heç bir halda Çin, Rusiya və ya elə ABŞ-ı qabaqlaya bilməyəcəyini anlayır. İndi Parisdə çalışırlar ki, Fransa ən azından regional güc mərkəzi olaraq yeni dünyada öz yerini alsın. Ancaq bu da çox asan görünmür. Ona görə ki, Avropada formalaşacaq güc mərkəzinin Parisdə deyil, Londonda formalaşma ehtimalları daha canlıdır. Paris olsa-olsa həmin güc mərkəzinin “ikincisi” ola bilər.
Parisin əlini zəiflədən bir digər amil də, Azərbaycan-Britaniya və Türkiyə-Britaniya əlaqələridir. Çünki Britaniya SSRİ-nin dağılmasından sonra doğru qərar verə bilib, Türk dünyası ilə əlaqələrini gücləndirib, tərəfdaşlığa can atıb. Ancaq Fransa hər zaman anti-türk mövqedə qalaraq özünün gələcək maraqlarına elə öz əli və erməni sevdası ilə zərbə vurub.
Xülasə, yuxarıdaki məlumatlardan sonra Fransanın Azərbaycandan istəklərinin nə olduğu anlamaq asanlaşır. Fransa istəyir ki, Azərbaycan onun bütün maraqlarını təmin etsin, buna görə lazım gələrsə öz maraqlarını ikinci plana atsın və yanlız bundan sonra Fransanın “dostluğunu” qazana bilər. Təbii bu, rəsmi Bakının təbəssümlə dinləyib eşitməzdən gəldiyi, qarşılığında ən uyğun zaman və məkanda – Əlcəzairdə Fransanın əsl üzünü dünyaya göstərəcək qədər qəbuledilməz xülyadır.
Azərbaycan isə, Fransadan beynəlxalq hüquqa tabe olmağı, ədalətli və dürüst davranmağı istəyir.
Gələcək risklər barədə bir-iki kəlmə…
Hər nə qədər Fransanın regional təsir imkanları az olsa da, onun ümumi düynəvi gücünü və təsirini görməzdən gəlmək olmaz. Regiona birbaşa təsir imkanlarının olmadığı şəraitdə fransa dünyəvi imkanlarını istifadə edə və bu sayədə Cənubi Qafqazda istənilməz hadisələrə səbəb verə bilər. Məsələn, İranın israrla ermənipərəst siyasi addımları Fransanı sırf Ermənistan siyasətində İran vasitəsiylə müdaxiləsinə real zəmin yaradacaq ən effektiv yollardandır.
Bu müstəvidə baxış bucağını genişləndirmək də mümkündür. Belə ki, heç kimə sirr deyil ki, ABŞ, Rusiya, İran və Fransa digər məsələlərdə hər nə qədər fərqli görüşlərə sahib olsalar da, sırf erməni siyasətində bu ölkələr eyni nöqtədə dayana bilirlər. Bu isə, Fransaya imkan verə bilər ki, ən prinsipial məqamda hansısa güzəştə gedərək, anti-Azərbaycan addımlarında qətiyyətli davrana bilsin.
Bu nöqtədə Azərbaycanın diplomatik manevrləri daha da artırması lazımdır. İran və Rusiya ilə kəskin regional rəqabət fonunda Fransanın oyundan kənarlaşdırılması təmin edilməlidir. Əlcəzairdə Fransanın əməllərinə İlham Əliyevin dilindən qiymət verilməsi bunun tərkib hissəsidir, ancaq bu kimi addımları artırmaq və kəsərli etmək lazımdır.
Fransanın oyundan kənar qalması isə, London və Vaşinqtonla qurulacaq dialoqlardan asılı olacaqdır.
Busaat.az/Həşim Səhrablı