Yaxın günlərdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov mediaya açıqlamasında bildirib ki, İran tərəfi dəfələrlə təklif edib ki, Azərbaycanın İrandakı Səfirliyi öz fəaliyyətinə təkrar başlasın. Amma təbii ki, səfirliyimizə edilən silahlı hücumla əlaqədar olaraq Azərbaycanın tələbləri hələ də yerinə yetirilməyib. Bu mənada Azərbaycanın İrandakə Səfirliyi öz fəaliyyətini yenidən bərpa edəcəkmi?
Mövzu ilə bağlı millət vəkili Aydın Mirzəzadə Busaat.az-a açıqlamasında bildirib ki, Azərbaycan qonşu İranla mehriban qonşuluq münasibətlərini həmişə nümayiş etdirib:
“İndi də buna hazırdır. Amma çox təəssüf ki, biz bunu İran tərəfindən görmürük. Sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Azərbaycanla normal münasibətlər qurduğunu bildirsə də, 30 illik işğal dövründə, işğalçı Ermənistanla sıx əlaqələr saxlayıb.
İranın Ermənistana dəstəyi olmasaydı, Ermənistan heç bir il də torpaqlarımızı işğalda saxlaya bilməzdi. Türkiyədən fərqli olaraq İran işğal dövründə Ermənistanla sıx əlaqələr saxlayaraq ona yardımlar etdi. Bu isə işğal dövrünün uzanmasına səbəb oldu. 44 günlük müharibə dövründə İran ölkəmizi sözdə dəstəkləsə də, sonradan ortaya çıxan faktlarda Ermənistana yardım etdiyi məlum oldu.
Son dövrlərdə isə Azərbaycanın daxili işlərinə qarışacaq bəyanatları və hərəkətləri İranın dövlətimizə qarşı açıq desək, düşmənçilik mövqeyi nümayiş etdirirdi. Siyasətçiləri, generalları və digər rəsmiləri vaxtaşırı Azərbaycanın daxili işlərinə qarışırdı. Ərazi bütövlüyümüzü şübhə altına alıb ölkəmizi hədələyirdilər. Bu azmış kimi bu ilin əvvəlində də İrandakı səfirliyimizdə terrorun baş verməsi ilə də Azərbaycana qarşı təhdid dili ilə münasibətlər qurduğunu göstərdilər. Azərbaycan isə düzgün olaraq səfirliyin bütün əməkdaşlarını oradan çıxardı və İranla diplomatik əlaqələrini kəsdi. Bu əlaqələr isə Azərbaycandan çox İrana lazımdır. İran həmçinin dünyanın bir çox ölkələri və qonşu dövlətləri ilə kəskin münasibətlərdir.
Azərbaycan İran üçün dünyaya açılan bir nəfəslik idi. İran bu əlaqələrdən çox böyük siyasi və iqtisadi faydalar görürdü. İndi isə bu kanallar kəsilib. Azərbaycan İransız yaşaya bilir. Amma İranın Azərbaycansız yaşaması ötən aylar göstərdi ki, İran üçün çox çətindir. Heç də təsadüfi deyil ki, İran tərəfi vaxtaşırı Azərbaycan tərəfinə əvvəlki əlaqələrin bərpasını xahiş edir. Azərbaycanın isə bu məsələdə mövqeyi isə birmənalıdır. O vaxt münasibətlər bərpa oluna bilər ki, İran Azərbaycanın daxili işlərinə qarışmağa son qoysun. Azərbaycan səfirliyinə edilən hücumun obyektiv şəkildə araşdırılmasını aparsın və günahkarlar cəzalandırılsın. Ona görə də İran Azərbaycanın ədalətli tələblərini yerinə yetirməyincə hər hansısa əlaqələrdən söhbət gedə bilməz…”
Bünyamin Bünyadzadə
Busaat.az