Azərbaycan Ordusu Kəlbəcərdə hazırdır – İrəvana XƏBƏRDARLIQ: vaxt uzadılsa…

image-1053146backend

Azərbaycan Ordusu regionun ən güclüsüdür. Bunu 44 günlük müharibə bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfərin əsas şərtləndirici amillərindən biri, heç şübhəsiz, güclü orduya sahib olmağımızdır. 

Bu gün də dövlət başçısı Ordunun daha gücləndirilməsi, daha müasir hərbi texnika ilə təchizatı məsələsinə olduqca həssaslıqla yanaşır. Bunu hər il dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsaitlərin ayrılması, ölkənin müdafiə sənayesinin qurulması, ordunun ən müasir silahlarla təchiz edilməsi, həmçinin ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələrinin günbəgün genişləndirilməsi fonunda çox aydın görmək mümkündür.

Tərəddüdsüz deyə bilərik ki, müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsidirsə, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan Ordusunu dünyanın ən güclüləri siyahısına daxil etməyi bacaran, adından dünyada söz etdirən Ali Baş Komandandır. Dövlətimizin başçısının rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasət ordu quruculuğu prosesinin yüksək səviyyədə reallaşdırılmasına imkan yaratdı.

Ali Baş Komandan İlham Əliyevin iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirakı bir daha Azərbaycan liderinin ordusuna verdiyi önəmin bariz nümunəsidir. Bununla ölkə başçısı bir daha nümayiş etdirdi ki, biz bir daha işğala məruz qalmamaq üçün dayanmadan güclənməliyik və bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirməyi qarşımıza məqsəd qoymuşuq. Bunun digər bir rəmzi mənası isə ondan ibarətdir ki, Azərbaycan 1993-cü ilin aprelində itirdiyi Kəlbəcərdə bu Ordu Gününü qeyd edərək düşmənlərinə, onu sevməyənlərə gözdağı vermiş oldu.

Sözsüz ki, Vətən müharibəsinə kimi də hərbi müstəvidə görülən bütün işlərin əsas hədəfi o idi ki, nə vaxtsa danışıqlar prosesi tamamilə dalana dirənmiş olsa, biz öz gücümüzün hesabına ərazi bütövlüyümüzü bərpa edək. Bu, həm də onu göstərirdi ki, Azərbaycan xalqı heç vaxt işğal faktı ilə barışmayacaq və nəyin bahasına olursa-olsun, öz tarixi torpaqlarını düşmən tapdağından azad edəcək. 44 günlük Vətən müharibəsində bu, belə də oldu – Azərbaycanda Ordu, xalq, Dövlət həmrəyliyi 30 ilə yaxındır davam edən işğal faktorunu aradan götürdü.

İlham Əliyev Hadrutdan bir neçə ay sonra (24 dekabr 2021-ci il – red.) Kəlbəcərdə ikinci Komando Hərbi Hissəsinin açılışı zamanı çıxışında çox önəmli mesajlarla yadda qaldı: “Biz istəyirdik ki, bu məsələ sülh yolu ilə həll olunsun və uzun illər apardığımız danışıqların məqsədi məhz bu idi. Biz istəmirdik ki, qan tökülsün. Ümid edirdik ki, beynəlxalq aləm Ermənistana sanksiyalar tətbiq etməklə işğalçını məcbur edib bizim torpağımızdan çıxaracaq. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik və Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirib“.

Dövlət başçısı bu çıxışı ilə növbəti dəfə beynəlxalq qurumlara, xüsusilə də münaqişə tərəflərinin problemi sülh yolu ilə həll etməsi üçün vasitəçilik missiyasının verildiyi keçmiş Minsk Qrupunun yarıtmaz fəaliyyətini diqqətə çatdırmaqla, “Sizin 30 ildə bacarmadığınızı, Ordum 44 günə bacardı” mesajı verdi: “Biz bu şanlı Qələbəni əldə etmək üçün gecə-gündüz çalışmalı idik, güc toplamalı idik. Çünki bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ancaq işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir”.

İlham Əliyev bu bəyanatı ilə yenidən dirçəlmək eşqi ilə alışıb-yanan Minsk Qrupunun ümidlərinin üstündən bir daha xətt çəkdi desəm, yanılmaram. Ölkə başçısı belə yarıtmaz, beynəlxalq hüququn norma və prinsipləri üzərində manipulyasiyalar edərək Ermənistana işğalçılıq faktoru üçün geridə qalan illər ərzində imkanlar yaradan bir Qurumun bir daha rəsmi Bakı tərəfindən dəstəklənməyəcəyini elan etmiş oldu.

Ali Baş Komandanın “Biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın” sözləri isə tamamilə Ermənistan iqtidarına, revanşist qüvvələrinə və ona havadarlıq edən dövlətlərə, siyasətçilərə, beynəlxalq təşkilatlara ünvanlandı.

Prezident Azərbaycan Ordusunun 44 günlük müharibədəkindən də güclü olması istiqamətində görülən işləri diqqətə çatdırmaqla, sərhəddəki mövqelərimizin daha güclü müdafiə oldunduğunu və bunun üçün ən müasir silahlarla təchiz olunmaq istiqamətində önəmli addımları diqqətə çatdırdı ki, Ermənistan bir daha agah olsun ki, törədəcəkləri növbəti təxribatlar onlar üçün daha ağır cavablarla yekunlaşa bilər. Ən azından bu baxımdan Ermənistan ordusunun ilyarım bundan öncə 44 günlük bir “təcrübəsi” var. Ölkə başçısı Ermənistanı ritorikasından əl çəkərək, Azərbaycanın ərazi bütövlüyünə təhdid olacaq addımlardan çəkindirməyə çalışdı. Onun bu açıqlamasını İrəvana ünvanlanmış xəbərdarlıq da adlandıra bilərik. Çünki bir az keçmişə – 27 sentyabr 2020-ci il tarixinə kimi olan son bir neçə ayda baş verən proseslərə nəzər yetirdikdə, İlham Əliyev anoloji addımı o zaman da atırdı, Ermənistan rəhbərliyini təxribatlardan əl çəkməyə, silhalı insidentləri dayandırmağa, məsələni danışıq masası arxasında çözməyi təklif edirdi. Hətta onu da qeyd edirdi ki, Azərbaycanın səbri əbədi deyil. Bu gün də Prezidentin Kəlbəcərdən etdiyi “Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir” müraciətində həmin çalarları sezmək mümkündür.

Bəli, dövlət başçısının qeyd etdiyi kimi, biz müharibə istəmirik, heç vaxt istəməmişik. Amma istər müharibədən qalib çıxan tərəf kimi, istərsə də beynəlxalq hüquq normaları və prinsipi əsas verir ki, bizim istəyimiz, bizim maraqlarımız təmin olunsun. Postmünaqişə dövründə rəsmi Bakının bu istiqamətdə atdığı addımlar artıq öz nəticəsini verməyə başlayıb. Deyə bilərik ki, Azərbaycanın müharibə nəticəsində yaratdığı reallıqlar artıq hamı tərəfindən qəbul edilməyə başlanılıb. Bunu dövlət başçısı da hərbi qulluqçuların qarşısında çıxışı zamanı qeyd edib: “Dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir. Müharibədən cəmi bir il yarım keçibdir. Bu müharibəni unutmasınlar – nə onlar, nə də ki, sonrakı nəsillər”.

İlham Əliyev növbəti dəfə əli günahsız azərbaycanlıların qanına batmış, hərbi cinayətkarlar Sarkisyan-Köçəryan cütlüyünün ünvanına lazımı mesajları göndərib: “Hərbi cinayətkarlar – Sarkisyan, Köçəryan bunu törətdilər: İkinci Qarabağ müharibəsi dövründə Xankəndiyə gəlmişdilər, guya orada müqavimət göstərəcəklər. Dovşan kimi, fərari kimi qaçdılar oradan. Ona görə Kəlbəcərin itirilməsi müharibənin ondan sonrakı gedişatına da əlbəttə ki, mənfi təsir göstərmişdi”.

Azərbaycan Prezidenti bununla da hazırda Ermənistan daxilində müxalifətin mitinqlərinə başçılıq edən keçmiş “Qarabağ klanı”nın iki aparıcı üzvünün 44 günlük müharibə zamanı Xankəndindən qaçmasını xatırlatmaqla erməni xalqına “liderlərini” tanımaq üçün növbəti dəfə fürsət verdi. Dövlət başçısı bununla erməni xalqına həm də ordusunu, xalqını çətin vəziyyətdə qoyub qaçan bu cinayətkarlara xalqı, onun rifahı, firvanlığı yox, məhz öz maraqları, öz canlarının nə qədər dəyərli olduğu müqayisəsini etmələri üçün imkan yaratdı.

Burada bir nüans xüsusilə diqqət çəkir: Azərbaycan Prezidenti onların timsalında Ermənistanın hazırki lideri Nikol Paşinyanın ünvanına nüfuzuna xələl gətirəcək hər hansı bir ifadə işlətməməklə, daxili auditoriyasında gülünc duruma salmamaqla bir jest etdi. Ölkə başçımız bununla da Ermənistanın hazırki iqtidarının regionda sülh üçün üzərinə götürdüyü öhdəlikləri sürətləndirməsi, artıq praktiki addımların atması məqsədilə ona verilən bu fürstdən, yaradılan imkandan yararlanması üçün növbəti meydanı açdı.

Qalır Nikol Paşinyanın bu meydanı regionun sülh, sabitlik, iqtisadi inkişaf məqsədilə istifadə etmək istəyəcəyi, yoxsa meydanı döyüş, qan-qada məqsədilə yararlanmaq niyyətinin daha ön plana çıxacağı məsələsi. İlham Əliyev bir güllə belə atılmadan Ermənistanı kapitulyasiya aktına vadar edən 10 noyabr Bəyanatına əsasən geri aldığı Kəlbəcərdə bu gün həyata keçirdiyi istər hərbi, istər infrastruktur layihələrlə bir daha nümayiş etdirdi ki, Azərbaycan düşmənlə istənilən dildə danışmağa qadirdir və bunu əvvəlkindən də yaxşı bacarır. Qalır Ermənistanın hansı “dildə” Azərbaycanın onunla danışmaq istəyini bəlli etməyinə. Çünki rəsmi Bakı Ermənistanın vaxt udması üçün apardığı oyunları çox yaxşı bilir, bildiyi üçün bu oyunları necə pozmağın da yoluna bələddir.

Təhməz Əsədov

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90