
Azərbaycan, Rusiya və Ermənistan liderləri görüşəcək - GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR
Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistanın Baş naziri Zaqafqaziyada təhlükəsizliyi müzakirə edəcəklər.
Busaat.az xəbər verir ki, Oktyabrın 31-də Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalarının həyata keçirilməsinə diqqət yetirməyi planlaşdırırlar. Danışıqlarda həmçinin ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərinə də toxunulacaq. Putinin Paşinyan və Əliyevlə də ayrıca danışıqlar aparacağı gözlənilir” – deyə, Kremlin mətbuat xidmətinin bəyanatında bildirilib.
“Ermənistan və Azərbaycan arasında münasibətlərin sülh yolu ilə nizamlanmasına gəlincə, biz Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşmasına nail olmaq üçün bütün səylərimizi göstərmişik.Rusiya ənənəvi olaraq bu sahədə sabitliyə diqqət yetirir və erməni xalqının təhlükəsizliyinin təmin edilməsində erməni tərəfdaşlarımızı həmişə dəstəkləyib” – deyə, Putin oktyabrın 28-də bildirib.
Qeyd edək ki, 26 noyabr 2021-ci ildə üç lider Soçidə görüş keçirib. Onlar Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün addımlar atmaq barədə razılığa gəliblər, həmçinin sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması və sonradan demarkasiya edilməsi məsələsini nəzərdən keçiriblər.
Busaat.az























