“İki il öncə sentyabrın 27-də Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdən yaşayış məntəqələrimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmalarına cavab olaraq, müzəffər ordumuz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatlarına başladı və nəticədə təcavüzkar düşmənin işğal altında saxladığı rayonlarımız və yaşayış məntəqələrimiz geri alındı.
Azərbaycan əraziləri 30 ilə yaxın idi ki, işğal altında idi. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. Mənfur düşmənin Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Minlərlə azərbaycanlı ata yurdundan məcburi köçkün düşmüşdü.
Azərbaycan işğal altında qalan torpaqlarını azad etməklə böyük qələbə çaldı. 44 gün davam edən müharibədə Azərbaycanın şanlı Ordusu düşməni diz çökdürdü, işğal altında qalan torpaqlarımızı düşmən caynağından xilas etdi. Düşmənin ağlına belə gəlməzdi ki, Azərbaycanın vətənpərvər oğulları torpaqlarımızı bu cür tezliklə, həm də qorxmadan, çəkinmədən işğalçılardan təmizləyəcək. Bu müharibədə həm də ermənipərəst dövlətlər yaxşı dərs aldılar. Gördülər ki, ədalətin qarşısında bütün saxtakarlıqlar məğlubdur.
Çox qısa zamanda düşmənə endirilən sarsıdıcı zərbələr nəticəsində işğal altında olan ərazilərimiz, mühüm strateji yüksəkliklər həmçinin, 300-dən çox yaşayış məntəqəsi düşmən tapdağından azad edildi.
Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın.
Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı və akta əsasən, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın da dediyi kimi: “Vətən müharibəsindəki parlaq qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, işğal altında olan ərazilərimizi azad etdik.”
Xalqımız hər cür haqsızlıqlara səbirlə dözdü, lakin işğalla barışmadı. Torpaqlarımızın bir gün geri alınacağına olan inam hissi bir an belə insanları tərk etmədi. Bu 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə, həm də xalqımızın birliyinin, yenilməz gücünün nümayişi oldu. Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Müharibə başlayan andan etibarən vəzifəsindən, statusundan, yaşından asılı olmayaraq, hər kəs Vətən uğrunda könüllüyə çevrildi. Ali Baş Komandanın “dəmir yumruğ”una dönərək düşmənin başını əzdi.
44 Zəfər gününün qürur, fəxarət anları bir yazıya sığmayacaq qədər çoxdur. Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, Vətən uğrunda canlarını fəda etməyə hazır olan mərd oğullarımızın hünəri, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük haqq savaşımız Zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı Qələbəsi kimi salnaməyə qızıl hərflərlə əbədi yazıldı”.
İsmayılova Günay Asəm qızı, Azərbaycan Dövlət Pedaqoji Universiteti