Beynəlxalq təşkilatlar Azərbaycana sanksiya qoyacaqmı? – Fransa niyə narahatdır?

image-makron-768x403backend

Son günlər Azərbaycan və Ermənistan sərhədində yaşanan insidentlər dünyada əks-səda doğurub. Rusiya, İran kimi regional güclərlə bərabər, Qərb dairələri də hadisələrə münasibət bildirib. Bir çox münasibətlər soyuqqanlılığını qoruyub tərəfləri atəşkəsə dəvət etsə də, Fransadan yüksələn səslər anti-Azərbaycan mövqe ilə seçilib.

Belə ki, fransalı diplomatlar bu insidentlərin günahkarı kimi Azərbaycanı göstərməklə qalmayıb, Avropa ölkələrinə və beynəlxalq təşkilatlara Azərbaycan əleyhinə sanksiyalar tətbiq etmək üçün çağırışlar ediblər. İki hal xüsusilə diqqət çəkib:

1. Azərbaycanın enerji mənbələrindən imtina edərək Bakını iqtisadi cəhətdən çökdürmək.

2. Fransanın çağırışı ilə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Azərbaycan əleyhinə toplanıb.

Əvvəlcə ilk ehtimaldan söz açsaq rahatlıqla deyə bilərik ki, Fransa tərəfindən səslənən bu fikirlər böyük bir cəfəngiyyatdır. Hazırda Avropa Azərbaycan enerjisindən imtina edə bilməz. Əksinə Avropa çalışır ki, Azərbaycanı tranzit ölkə kimi istifadə edərək Mərkəzi Asiyanın enerji resurslarını Avropaya nəql etsin və beləcə Rusiyaya qarşı müqavimətini artırmaq üçün özünün enerji təhlükəsizliyini təmin etsin.

Belə olan halda, Avropanın tam mərkəzində fransız diplomatların bu cür sərsəm iddialarla çıxış etməsinə kim, nə ad verə bilər? Fransada güclü erməni lobbisinin olması heç kimə sirr deyil. Ancaq Fransa tərəfi doğurdan da anlamamaqdadır ki, hazırda rəsmi Bakı Avropa üçün ən ehtibarlı tərəfdaşdır və onu itirmək Bakıya sərf etmədiyi kimi, Aropanın özünün də maraqlarına tamamilə ziddir.

Avropa və Azərbaycan münasibətlərini tək enerji məsələləri ilə sərhədləmək olmaz. Tərəflər bundan başqa bir çox məsələlərdə də tərəfdaşdırlar. Hətta bu tərəfdaşlıq ikili münasibətlər konteksində daha da inkişaf edib. İtaliya və İngiltərə kimi ölkələr Azərbaycan ilə sıx iqtiadi-siyasi əlaqələrə sahibdirlər ki, bu ölkələr üçün Ermənistanın işğal siyasəti yox, Azərbaycanla əlaqələri inkişaf etdirmək daha prioritet məsələdir. Belə olan halda, məsələn, İtaliya niyə Fransanın çağırışlarına səs verib öz milli maraqlarını kənara ataraq Azərbaycanla münasibətlərini korlamalıdır?!

Xülasə Fransa tərəfinin Azərbaycanın enerji resurslarından imtina etməklə onun iqtisadiyyatını çökdürmək xülya və çağırışları elə xülya və çağırış olaraq qalacaq.

İkinci halda, yəni Fransanın beynəlxalq təşkilatları Azərbaycana qarşı sanksiya qəbul etməyə hesablanmış addımları da hüquqi cəhətdən mümkünsüzdür. Ona görə ki, Azərbaycan işğal əməliyyatları aparmır, əksinə işğal edilmiş ərazilərdə suverenliyini bərpa edir. Həm də on illərdir ki, Azərbaycan tərəfi hərbi əməliyyatlara ehtiyac qalmadan diplomatik münasibətlər konteksində suverenliyini təmin etməyə çalışıb. Dəfələrlə həm beynəlxalq təşkilatlara, həm də işğalçı tərəfə xəbərdarlıq edib və indi bütün diplomatik yolların bağlanması səbəbiylə hərbi gücdən istifadə edir. Bu isə, tamamilə normaldır. Necə ki, Fransa özü Ukraynanın bu hüququnu dəstəkləyir və işğala qarşı hərbi güc istifadəsi zamanı Ukraynaya dəstək verir.

Beləliklə, əminliklə demək olar ki, erməni təxribatlarının aktiv dəstəkçisi Fransanın bütün diplomatik səylərinə baxmayraq, Azərbaycan əleyhinə qərarların qəbul etdirilməsi mümkünsüzdür. Həm ona görə ki, Fransanın qarşı cəbhədə yer almasına baxmayaraq, Azərbaycanın kifayət qədər güclü tərəfdaş və müttəfiqləri var, həm də ki Azərbaycan tərəfi işğal siyasəti yeritmir, kənar dövlətlərə təcavüz etmir. Sadəcə öz ərazilərini işğalçı və seperatist qüvvələrdən təmizləyir.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90