“Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür”

image-a951f29d-a154-46e9-851f-5a3610074630backend

Sənədsiz evdə yaşayırsınızsa, bu sizin hüququnuzun olmadığı anlamına gəlməz Azərbaycan qanunvericiliyində müəyyən hallarda mülkiyyət hüququnun faktiki istifadəyə əsasən tanınması mümkündür. Yəni bir əmlaka sahiblik hüququ yalnız rəsmi sənədlərlə deyil, bəzi hallarda faktiki yaşayış və istifadə ilə də hüquqi nəticələr doğura bilər.

Bəs sənədsiz evlərdə yaşayan şəxslərin mülkiyyətçi kimi hüquqları nədən ibarətdir?  Faktiki yaşayış olduğu halda vətəndaşın hansı hüquqları var?

Mövzu ilə bağlı hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Aynurəxanım Ağalarova Referans-a açıqlamasında bildirib ki,əgər şəxs uzun müddət ərzində bir daşınmaz əmlakı öz əmlakı kimi istifadə edibsə, bu zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən aşağıdakı hüquqlar mövcud ola bilər. Beləki mülkiyyət hüququnun məhkəmə ilə tanınması Mülki Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən, şəxs mülkiyyət hüququnun tanınmasını və özgəsinin qanunsuz sahibliyindən əmlakın geri qaytarılmasını tələb edə bilər. Uzunmüddətli istifadə əsaslı mülkiyyət iddiası Məcəllənin 179.3 və 179.4-cü maddələrinə əsasən, əgər şəxs illərlə bir evdə faktiki yaşayır və onu öz əmlakı kimi qoruyub saxlayırsa, bu hal “əldə etmə müddəti” kimi qiymətləndirilə bilər.

Hüquqşünas onu da bildirib ki, bu halda mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmaqla tanına bilər. Müsahibimiz həmçinin özbaşına tikinti və hüquqi nəticələri barədə də danışıb. O bildirib ki, əgər ev tikinti icazəsi olmadan tikilibsə, bu Mülki Məcəllənin 180-ci maddəsinə əsasən özbaşına tikinti hesab olunur. Lakin istisna olaraq, torpaq sahəsi şəxsin mülkiyyətindədirsə və tikinti başqalarının hüquqlarına və təhlükəsizliyə zərər vurmursa, məhkəmə həmin şəxsə mülkiyyət hüququnu tanıya bilər (maddə 180.3). Faktiki yaşayış varsa, hüquqi yol mümkündür

“Bir çox insan sənədsiz evdə yaşadığı üçün hüquqsuz olduğunu düşünür. Halbuki, faktiki istifadə və uzunmüddətli sahiblik bəzi hallarda mülkiyyət hüququnun tanınması üçün əsas ola bilər. Bu hüququn rəsmiləşməsi üçün məhkəməyə müraciət, əmlakın faktiki istifadəsini sübut edən sənədlər, şahid ifadələri və digər hüquqi prosedurlar tələb olunur”,- deyə hüquqşünas Aynurə Ağalarova əlavə edib.

Bünyamin Bünyadzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki