07 fevral 2024-cü il tarixində keçirilən prezident seçkilərindən sonra Ali Baş Komandan İlham Əliyevin cari ilin 19 fevral tarixində ilk rəsmi səfəri qardaş Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərinə olmuşdur.Ankaraya rəsmi səfəri zamanı Prezident İlham Əliyev mətbuata verdiyi açıqlamalarında Türkiyə-Azərbaycan birliyinin təkcə iki qardaş ölkə üçün deyil,həm də bütün Avrasiya üçün əhəmiyyətindən bəhs etmiş və bunun nə qədər önəmli bir amil olduğunu vurğulamışdır.
Həmçinin Türkiyənin bu gün dünya miqyasındakı nüfuzundan,bir sıra mühüm məsələlərin məhz Türkiyənin mövqeyindən asılı olduğundan,bu ölkənin güclü sənaye potensialından,iqtisadiyyat sahəsində qazandığı misilsiz nailiyyətlərindən söz açmışdır.Bu gün qardaş ölkənin yüksək hərbi gücə malik olması özünə “türk”deyən hər bir insanın sevincinə səbəb olmuşdur.
İkinci Qarabağ savaşında Türkiyə bizdən həm mənəvi,həm də texniki dəstəyini heç vaxt əsirgəməmişdir.Savaşın ilk saat saatlarında Türkiyənin dünya ölkələrinə verdiyi qətiyyətli açıqlamalar bir çoxlarına ciddi mesaj idi və bu mesajlardan belə nəticə çıxarmaq olardı ki,Azərbaycan siyasi arenada tək deyil,Türkiyə bizim yanımızdadır.Müharibədən sonra işğaldan azad olmuş ərazilərimizdə bir sıra antiterror əməliyyatlarının uğurla keçirilməsi Türkiyə ordu modelinin Azərbaycanda özünütəsdiqidir.
Bu gün dünya gündəmində başlıca mövzulardan sayılan enerji və nəqliyyat təhlükəsizliyi artıq bizim sərhədlərimizdən kənarda da əhəmiyyətli rol oynayır.Birgə həyata keçirtdiyimiz nəqliyyat və enerji layihələrinin verdiyi bəhrələr buna bariz nümunədir.
Müdafiə sənayesi və təhsillə bağlı məsələlər də bu görüşdə diqqət mərkəzindən kənarda qalmamışdır.İki ölkənin gələcəkdə hərbi potensialının güclənməsinə,gənc nəslimizin qardaşlıq,müttəfiqlik və ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almasına istiqamətlənmiş sənədlər Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanmışdır.
Azərbaycan-Türkiyə dostluğunun əsası qırılmaz zəncirlə bağlanmış qardaşlıq münasibətlərinə söykənir.Bu bağları qırmaq heç vaxt mümkün olmayacaqdır.Məncə,bunu dünya ölkələri artıq dərk etmiş və bu həqiqəti qəbul etmişdir.Biz sona qədər Türkiyənin yanında olacaq və onun verdiyi hər bir qərara hörmətlə yanaşacağıq.Bilirik ki,Türkiyə aldığı hər bir qərarda təkcə öz ölkəsinin deyil,dəstəyə ehtiyacı olan digər ölkələrin də rifahını daim düşünüb,onlardan öz yardımını əsirgəməyib.Yaşasın bir millət,iki dövlət olan Azərbaycan-Türkiyə birliyi.Xeyirxahlıq,insanpərvərlik və qardaşlıq prinsiplərinə söykənən dostluq qırılmazdır,əbədidir.
Bakı şəhəri 35 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimə Məmmədova Aybəniz Ədalət qızı