“Gedən proseslər tam olaraq Azərbaycanın daxili işidir və Azərbaycan Qarabağ ermənilərinin hüquqlarına və təhlükəsizliyinə tam təminat verir”.
Bunu separatçı rejimin rəhbəri Araik Arutyunyanın Azərbaycanın tələblərindən imtina etməsi və inteqrasiya məsələsinin üstündən xətt çəkməsi haqqında fikirlərini səsləndirən Vüqar Əhmədov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Araik Arutyunyan Xankəndindəki erməni sakinlərinin Azərbaycana reinteqrasiya olduqdan sonra Qarabağda heç bir rolu qalmayacağını yaxşı bilir:
“Arutyunyan Ermənistan daxilində siyasi dəstəyini kifayət qədər itirməklə yanaşı, Xankəndi erməniləri arasında da ona etimad azalıb. Azərbaycanın etirazlarından sonra Vardanyan planının iflasa uğraması, Arutyunyanın Xankəndindəki erməni icması adından çıxış etməsi ehtimallarını azaldır. Çünki bu adamın keçmişi qondarma Dağlıq Qarabağ respublikasının adı ilə bağlıdır. Rəsmi Bakı onu Qarabağda yaşayan erməni icması adından qəbul etməyəcək.
Nə Ermənistanda, nə də Qarabağda heç bir perspektivinin olmadığını anlayan Arutyunyan, Azərbaycan sakinləri olan ermənilərin reinteqrasiya prosesini məhz bu məqsədlə pozmağa çalışır. Arutyunyan bundan sonra yalnız Rusiyaya Qarabağda sülhməramlıların vaxtlarının uzadılmasına nail olmaq üçün lazım ola bilər. Rəsmi Bakı və Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinləri Rusiya sülhməramlılarının işindən narazıdır. Bu fakt əslində reinteqrasiya prosesinin sürətlənməsinə rəvac verir”.
“Hələ ki, Rusiya sülhməramlıları Qarabağda yeganə vasitəçi qüvvə olduğundan, Azərbaycanla erməni icması arasında danışıqlar onların vasitəçiliyi ilə aparılır. Lakin bu proses də reinteqrasiya prosesi bitənə qədər mümkün ola biləcək. Müəyyən vaxtdan sonra nə Araiklərə, nə də Rusiya sülhməramlılarına ehtiyac qalmayacaq. Çünki bu proses tam olaraq Azərbaycanın daxili işidir və Azərbaycan Qarabağ ermənilərinin hüquqlarına və təhlükəsizliyinə tam təminat verir”, – politoloq qeyd edib.
Ələsgər