“Azərbaycanın çox böyük perspektivləri var, çox böyük potensialı var, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra ki, biz bu ədalətsizliyə də son qoyduq, öz gücümüzlə tarixi ədaləti bərpa etdik”.
~Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.
Son 19 ildə müstəqil Azərbaycanda güclü dövlət idarəçiliyinin mövcudluğu dövlətimizin tarixində ən uğurlu inkişaf dövrü kimi xarakterizə edilir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi imicə malik olan ölkəmiz dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsi kimi müasir dünyanın çağırışlarına cavab olaraq yeni dövrünü yaşayır. Dövlət başçısı tərəfindən həyata keçirilən siyasət Azərbaycanın daha güclü dövlətə çevrilməsinə, xalqın rifahına, firavan yaşayışına və inkişafına hesablanıb. Azərbaycan Ordusunun böyük Qələbəsinin doğurduğu nəticələr dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qəbul olunub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər çalan Azərbaycan bu gün 30 ilə yaxın işğal altında qalmış ərazilərimizdə də abadlıq-quruculuq işlərinə başlayıb, infrastruktur layihələr uğurla icra olunur. Günümüzün reallığı, əsas hədəf Qarabağın bərpası və Böyük Qayıdış strategiyasını reallaşdırılmasıdır. Azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması əsas məsələlərdəndir.
Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Azərbaycanın yüksək iqtisadi göstəriciləri, diplomatik uğurları və artıq qalib dövlət olması ölkəmizə olan müsbət maraqları artırmışdır. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Xüsusilə qardaş Türkiyə dövləti ilə münasibətlər bu gün daha yüksək şəkildə inkişaf etməkdədir. Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri ölkəmizin təhlükəsizliyi üçün əlavə zəmanət əldə etmək deməkdir. Artan beynəlxalq nüfuz ölkənin inkişaf perspektivlərini müəyyən edir. Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsinə, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına və onların inkişafına şərait yaradıb.
Azərbaycan Dövlət Pedaqoji Universiteti
İskəndərli Zəhra